ABŞ-İran münasibətləri dünyanın gündəmindədir. Xüsusilə, Tramp dönəmi hər an müharibənin başlaya bilmə ehtimalını gündəmdə saxlayır. “Yerusəlim Post” qəzetinin hazırladığı məqalə də bu barədədir.
Yenicag.az Çarlz Baiblezə tərəfindən hazırlanan məqaləni təqdim edir:
“Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bu yaxınlarda Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının 73-cü sessiyasının açılış mərasimində tribunada çıxış edərək kəskin sözləri ilə İranı tənqid edərək beynəlxalq ictimaiyyəti İran İslam Respublikasını təcrid etməyə çağırdı. Amerika prezidenti İranı “dünyanın ən böyük terrorizmi dəstəkləyən ölkəsi” və İran liderlərini “dünyada xaos, ölüm və dağıntı yaradan” kimi təqdim etdi. Bir neçə saat keçdikdən sonra İran prezidenti Həsən Ruhani BMT tribunasında çıxış edərək Tramp administrasiyasını “avtoritar” olmaqda ittiham etməklə yanaşı, Amerikanın “millətçi hökumət”ə dəstək verməsinə görə İranın Vaşinqton ilə birbaşa danışıqlar aparmaqdan imtina etdiyini bildirdi.
Bu söz müharibəsi bu yaxınlarda Cənubi İran şəhəri Ahvazda hərbi parada olan hücumdan sonra gündəmə gəlib. Bu hücum zamanı bir neçə yerli sakin, o cümlədən, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri də öldürülüb. Tehran Vaşinqtonu sui-qəsdçilərə dəstək verməkdə, xüsusilə Qüds Qüvvələrinin tanınmış rəhbəri Qasim Süleymanini aradan götürməkdə günahlandırır. Qeyd edək ki, Qüds Qüvvələri xarici ölkələrdə hərbi fəaliyyət göstərərək Birləşmiş Ştatların qoşunları üçün Yaxın Şərqdə “cəhənnəm qapıları” yaradır.
Amerika dövlət katibi Mayk Pompeonun bir neçə gün əvvəl Nüvə İranına Qarşı Birləşmiş Təşkilat (NİQBT) qarşısında söylədiyi “Ağ Ev Yaxın Şərqdə Amerikanın maraqlarına və işçi heyətinə qarşı olan hər hansı hücuma görə İrana həddini göstərəcək” sözləri Birləşmiş Ştatların narahatlığını göstərir. Öz növbəsində Birləşmiş Ştatların milli təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Con Bolton adıçəkilən toplantıda çıxış edərək bildirib ki, “mən bu gün mollaları əmin edirəm ki, əgər siz bizə qarşı, bizim müttəfiqlərimizə qarşı, və yaxud bizim tərəfdaşlarımıza qarşı hər hansı əməliyyat keçirsəniz, həmçinin bizim vətəndaşlarımıza zərər yetirsəniz və yalan danışmaqda davam etsəniz, onda cəhənnəm öz işini görəcək.” İki dövlət arasında münasibətlər bu ilin may ayında Amerika prezidenti Donald Trampın 2015-ci ildə Amerika və digər dünya dövlətləri ilə İran arasında imzalanmış nüvə razılaşmasından çıxması ilə bağlı qərarından sonra daha da gərginləşdi. Prezident Tramp bu qərarından sonra eyni zamanda İrana qarşı yeni sanksiyalar elan etdi. Və bu sanksiyaların ilk seriyası avqust ayında öz effektini verdi. Müşahidəçilər proqnoz verir ki, çıxılmaz vəziyyətdə olan İrana noyabrda daha bir zərbə endiriləcək. Bu ölkənin əsas enerji və gəmiçilik sahəsi hədəf seçiləcək. Bundan başqa, hər iki tərəfin hərbi ritorikasının artması fonunda Amerika və İranın silahlı qüvvələri arasında mümkün qarşıdurma ehtimalı da artır”.
“Söz müharibəsi faktiki olaraq tək İraq və Suriya münaqişələrində deyil, o cümlədən Yəməndə də davam edir”, – deyə Tel Əviv Universitetinin rektor müavini Eyal Zisə (Eyal Zisser) bildirib: “Xüsusilə Suriyada sərhədlərin tam dəqiq olmaması ucbatından gərginlik və döyüş qaçılmazdır. Amerikanların da Suriya ərazisi boyunca mövqe tutmasından sonra onlar iranlıların bu ərazidə möhkəmlənməsinə dözməyəcəklər”.
O qeyd edib ki, indi İraqda az sayda döyüş gedir və iranlılar üçün bu kiçik savaşı böyük mübarizə zonasına çevirmək səhv olardı: “Əgər İraq öz istəyi ilə Amerikanın əleyhinə bir addım atsa, bu müharibə ilə nəticələnəcək. Mən heç ağlıma gətirmirəm ki, İran rejimi belə oyunlara getməyə risk etsin”. Yeri gəlmişkən, bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Amerikanın BMT-dəki daimi nümayəndəsi Niki Heili təsdiq edib ki, “bir neçə aydır ki, İranın təcavüzü artıb. Tehran tərəfindən təmin olunan maliyyə vəsaiti və silah hesabına İran İraqda açıq şəkildə hərbi təlim keçirir. İran İraqda hərbi birləşmələri vasitəsilə özünün hərbi potensialını inkişaf etdirir”.
Sözün daha geniş mənasında yüksək rütbəli amerika rəsmiləri İran qoşunlarının, o cümlədən Hizbullah və onun müttəfiqi olan muzdluların dərhal Suriyadan çıxmasını tələb edirlər. Eyni zamanda Vaşinqton Yəməndə İranın dəstəklədiyi şiə Husi qiyamçılarına qarşı döyüşən Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyaya silah və taktiki yardım edir. Londonda yerləşən Ərəb-İran Araşdırmaları Mərkəzinin direktoru Dr. Əli Nurizadə ehtimal edir ki, Tehranın Yaxın Şərqdəki siyasətinə dair kurs sərt siyasət tərəfdarları və daha mötədil rejim elementləri arasında hazırda gedən daxili mübarizədən asılıdır. “İran İslam İnqilabı Keşikçiləri komandirləri Birləşmiş Ştatlardan narahat deyil. Bu dəstə hətta Amerikanın gücündən də qorxmur. Baxmayaraq ki, onlar hələ regionda Amerikanın mövqelərinə hücum etməyi lazım bilmirlər. İran İslam Keşikçiləri Qvardiyası Amerikanın Fars Körfəzindəki müttəfiqlərinə hücum etməkdən çəkinmir. Digər fikir cərəyanı “Birləşmiş Ştatların İranı diz üstə çökdürdəcəyini” ehtimal etdiyindən hərbi toqquşmanı rədd edir. Bu fikrin tərəfdarları bildirir ki, danışıqlar masasına qayıtmaq lazımdır. İndiyədək Tehranın danışıqlar masası arxasına qayıtmaq şansı var. İran rəsmiləri mənə deyiblər ki, İran Yəməndə öz təsirini azaltmaq təşəbbüsü ilə çıxış etmək istəyir. Bu addım Tehranın Riyad ilə gərginliyini azalda və danışıqlara başlamaq üçün qapı aça bilər,” -deyə Dr. Əli Nurizadə bildirib.
İsrailə gəlincə, İran hakimiyyəti İsraili bu yaxınlarda Ahvazda baş verən hücumda əli olmaqda günahlandırır və buna cavab verməklə İsrailə xəbərdarlıq edir. Yerusəlim Suriyada İsrailin təhlükəsizliyini qorumaq üçün sərhədləri keçərək İranın Livanda Hizbullah təşkilatına göndərdiyi pul və silahlarla yüklənmiş nəqliyyat vasitələrinə yüzlərlə hərbi zərbə endirərək İranın cəhdlərinin qarşısını alıb. Bəzi təhlilçilər Yəhudi dövlətinin molla İranı hücum hədəfi kimi seçməsini müəyyən mənada təbii baxırlar. Yerusəlim Strateji və Təhlükəsizlik İnstitutunun vitse-prezidenti Dr. Eran Lerman bildirib: “Əgər iranlılar beynəlxalq sabitliyin Fars Körfəzinə təsirinin azaldığı təqdirdə tez və müvafiq əməliyyatlar keçirmək yollarını axtarırlarsa, onda İsrail də Səudiyyə Ərəbistanı kimi İrana qarşı siyasətdə haqlıdır. Halbuki, indi İran əlavə hərbi sursat toplayaraq İsrailə hücum etməyə hazırlaşır, baxmayaraq ki, yəhudi dövlətinin Begin Doktrinası qarşısında öhdəlikləri var (nəyin bahasına olursa olsun düşmən dövlətlər nüvə razılaşmasını pozduqlarına görə onların qarşısı alınmalıdır). Və Tehranın bu strateji sənəddən məhrum olaraq böyük münaqişəyə başlaması inandırıcı deyil”.
Onun bildirdiyinə görə, iranlılar regionda aparıcı şiə düşərgəsinə malikdir və İsrail İranın bu avantürizminin kökünü kəsərkən əsasən sünnü ərəb birliyi də İran əleyhinə mübarizə aparır: “Buna görə də İran İslam Respublikasının çoxlu potensial hədəfləri var və molla İranı Amerika administrasiyasına öz siyasətinin mahiyyətini göstərərkən iki dəfə ölçüb-biçməlidir ki, bu siyasət Ağ Evi qıcıqlandırmasın. İslam İnqilabı Keşikçilərinin inadkarlığına baxmayaraq, regionda proseslərin yaxşı anlaşılacağını gözləməyə dəyər”. Həqiqətdə Qərb ölkələri İrana qarşı təzyiqi artırarkən çoxları İranın siyasətinin məqsədəuyğun olduğunu bildirərək onu müdafiə edirlər. Bu vəziyyətdə İranın Birləşmiş Ştatlarla qarşıdurmaya getməsinə zərurət olmadığı göstərilir. İran ətrafında mübahisələrin baş verdiyi anlarda Tehran özünün maliyyə vəsaitlərini xarici dövlətlərə axıdaraq lobbiçilik vasitəsilə işgüzar əlaqələrini davam etdirəcək. İran hökuməti özünün yeritdiyi təcavüzkar siyasətə və bu siyasətin ssenarilərinə sadiq qalaraq eyni zamanda regiondakı proseslərə təsir edərək son nəticədə Amerika administrasiyasına meydan oxumağa davam edəcək. Belə olan təqdirdə prezident Tramp özünün ifadə etdiyi kobud sözləri daha konkret əmələ çevirmək məcburiyyətində qalacaq”.