Vüqar Zifəroğlu: "Yeni hökumətin SDQ-ni silahlı struktur kimi ləğv etməkdən başqa yolu yoxdur"
“SDQ ilə yeni Suriya hakimiyyəti arasında baş verən bugünkü toqquşmalar Əsəd sonrası Suriyanın gələcək siyasi modeli uğrunda mübarizənin silahlı ifadəsidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu bildirib.
Politoloq Suriya hökumətinin ölkədə məskunlaşmış terrorçu qruplara qarşı bu gün başladığı təmizlik əməliyyatını şərh edib:
“Suriyada Suriya Demokratik Qüvvələri (SDQ) ilə mərkəzi hakimiyyət arasında baş verən silahlı qarşıdurmanın kökündə artıq Əsəd rejimi dövrünə aid klassik ziddiyyətlər deyil, Əsədin devrilməsindən sonra formalaşan yeni siyasi reallıq dayanır. Əsədin devrilməsindən sonra Suriyada formalaşan keçid hakimiyyəti əsas prioritet kimi vahid dövlət idarəetməsinin bərpasını, silahlı qrupların mərkəzləşdirilməsini və ölkə daxilində paralel güc mərkəzlərinin ləğvini elan edib. Bu kontekstdə SDQ-nin nəzarət etdiyi ərazilər və onun müstəqil hərbi-siyasi strukturu yeni hakimiyyət üçün əsas təhdid olaraq qalırdı. Keçid hökuməti SDQ-ni milli təhlükəsizlik sisteminə inteqrasiya etməyə cəhd göstərsə də, sonrakı proseslərin gedişatı bu cəhdin nəticəsiz qaldığını göstərdi. Belə olan halda, yeni hökumətə SDQ-ni silahlı struktur kimi ləğv etməkdən başqa, faktiki olaraq, çıxış yolu qalmırdı. SDQ isə mövcud vəziyyətdə silahlarını və faktiki idarəetmə imkanlarını itirməyi öz siyasi və fiziki təhlükəsizliyi üçün risk kimi görür. İŞİD-lə mübarizədə oynadığı rol, nəzarət etdiyi ərazilərdə qurduğu özünüidarəetmə sistemi və beynəlxalq dəstək SDQ-nin mövqelərini sərtləşdirir. Bu səbəbdən tərəflər arasında inteqrasiya ilə bağlı razılaşmalar iflasa uğrayıb və qarşıdurma silahlı mərhələyə keçib”.
V. Zifəroğlu Suriyada vətəndaş müharibəsinin əvvəlində hökumətə tabe olmaq istəməyən kürdlərin daha aktiv rol aldığını qeyd edib:
“Qarşıdurmanın mühüm səbəblərindən biri də etnik faktordur. SDQ-nin əsas dayağını kürd silahlı birləşmələri təşkil edir və onlar yeni Suriyada siyasi status və hüquqi təminatlar tələb edirlər. Keçid hakimiyyəti isə etnik əsaslı silahlı modelin ölkənin gələcəkdə parçalanmasına yol aça biləcəyindən ehtiyatlanır və mərkəzləşmiş dövlət modelində israrlıdır. Təbii ki, münaqişədə xarici faktorlar da həlledici rol oynayır. ABŞ SDQ-ni hələ də terrorla mübarizədə əsas tərəfdaş kimi görür və bu strukturun birdən-birə sıradan çıxarılmasına qarşıdır. Vaşinqton üçün SDQ həm təhlükəsizlik aləti, həm də Suriyada yeni hökumətə təsir və təzyiq mexanizmidir”.
Türkiyənin SDQ-nin məhvi üçün Suriya hakimiyyətinin yanında olduğunu vurğulayan politoloq fikirlərini bu sözlərlə yekunlaşdırıb:
“Türkiyə isə SDQ-ni haqlı olaraq PKK ilə əlaqəli hesab edir və onun istənilən formada legitimləşdirilməsinə kəskin etiraz edir. Ankara üçün SDQ-nin zərərsizləşdirilməsi milli təhlükəsizlik məsələsidir və bu mövqe yeni Suriya hakimiyyətinin sərt addımlarını dolayı yolla stimullaşdırır. Rusiya və İran Əsədin devrilməsindən sonra əvvəlki mövqelərini qismən itirsələr də, Suriyada təsir imkanlarını tam itirməyiblər və hazırda baş verən prosesləri diqqətlə izləyirlər.
Birmənalı şəkildə vurğulamaq lazımdır ki, SDQ ilə yeni Suriya hakimiyyəti arasında baş verən toqquşmalar Əsəd sonrası Suriyanın gələcək siyasi modeli uğrunda mübarizənin silahlı ifadəsidir. Bu qarşıdurma yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda dövlətin mərkəzləşməsi, etnik separatizm, resurslara nəzarət və xarici güclərin regional maraqları ilə sıx bağlıdır”.
Nurlan Cəfəri












