ABŞ-nin “demokratiya” DOKTRİNASI – Təkqütblü dünya İFLASA DOĞRU

media-hightechnic-468x90

İran İsrail toqquşması bir çox məsələlərə aydınlıq gətirdi. Bu qədər çaxnaşmaların olmasının əsas səbəbi dünyada tək qütbün, ABŞ-nin super güc kimi olmasıdır. Tək güc ədalətli davranmayanda, ancaq öz maraqlarını təmin etmək üçün addımlar atanda ağır nəticələr verir və bu qaçılmaz idi. Dünyaya o zaman sabitlik gələcək ki, ikinci qütb yaranacaq və balans bərpa olacaq.

İsrailin İrana hücumu ilk gündən bəlli idi ki, ABŞ-nin dəstəyi ilə baş vermişdi. İlk başda Tramp administrasiyası dəfələrlə bunu təkzib etdi, ancaq daha sonra Tramp özü bildirdi ki, onun razılığı ilə İsrail İrana zərbələr endirib. Ardınca Tram bildirdi ki, İrana zərbələr endirməyəcək, iki həftə sonra bu məsələ ilə bağlı qərar verəcək. Hətta Trampın müşaviri çıxıb bəyanat verdi ki, İsrail ABŞ-ni müharibəyə cəlb etmək istəyir. Aradan bir neçə saat keçməmiş ABŞ İranın nüvə obyektlərini bombaladı. Dünyanın super gücü özünü məhəllənin sarsaq uşağı kimi aparır və buna siyasət deyilir.

Əslində, bunun üzərində içi Azərbaycan qarışıq hər kəs düşünməlidir. Maraqlar üst-üstə düşmədikdə ABŞ-nin bombası başının üzərini kəsdirə bilər. ABŞ üçün hansısa ölkənin xalqı, insanı maraqlıdır? Qətiyyən, zərrə qədər! Bir neçə gün öncə ABŞ-də jurnalistlə “İranda rejim dəyişməlidir” təklifini verən senator arasındakı dialoq hər şey ortaya qoyur. Adamlar heç bilmirlər ki, ölkənin etik tərkibi hansı millətlərdən ibarətdir, maraqlı da deyil. Bizdə bir çoxları elə düşünürlər ki, gəlib İranı bölüb, bir dənə də Cənubi Azərbaycan qurub, bizə təhvil verib gedəcəklər.

Tramp İranın nüvə obyektlərini bombalayandan sonra dayanmadan sosial şəbəkədə əməliyyatın uğurlu olmasını sübut etməyə çalışır. Artıq insanlar Trampın təkcə bu toqquşmalar dönəmində bir neçə dəfə yalan danışdığını bildiyi üçün sual verib, tələb edirlər ki, sübut et. Sübut var? Ən təhlükəli məqam isə bir qrup insan “niyə nüvə obyektlərində sızma olmayıb” deyə özünü yeyib tökür. Ötən dəfə yazanda ki, hazırda əlində nüvə silahı olan ən təhlükəli ölkə elə ABŞ-dir, çoxları ağız əyirdi. Dünyada yeganə ölkə ABŞ-dir ki, o silahdan istifadə edib. İrandakı nüvə obyektlərinə ən ağır bombaları atmaqla da buna ikinci dəfə cəhd etməyi ortaya qoydu.

Qərb mediası müqayisələr aparır. Netanyahu İraqa hücumdan əvvəl çıxış edir, nüvən silahını bir neçə həftəyə əldə ediləcəyini bildirir, Səddam Hüseynin İsraili “kiçik şeytan”, ABŞ-ni “böyük şeytan” adlandırdığını dilə gətirir. İllər keçir, eyni Netanyahu İranla bağlı da eyni fikirləri səsləndirir. Netanyahu 2012-ci ildə, 2015-ci ildə bildirirdi ki, İran bir neçə həftəyə nüvə silahı əldə edəcək. Bu dediklərinin üzərindən 10-12 il keçib, yenə bildirir ki, İran nüvə silahı əldə edəcək.

İsrail və İran teokratik ölkələrdir. Hər iki ölkənin başında radikal dindar durub. İran teokratik olduğu qədər həm də militar bir ölkədir. Ali dini liderindən tutmuş, xarici işlər nazirinə qədər müharibə veteranıdır. İranın bu bombardmanlarla təslim olacağı inandırıcı deyildi.

İlk gündən qeyd edirdim ki, ABŞ və İsrailin hədəfi İranın nüvə obyektlərindən yox, məhz rejimin dəyişməsidir. Artıq Tramp da açıq şəkildə bunu dilə gətirir. Tramp bir neçə gün öncə başqa bir fikir də səsləndirmişdi. Deyirdi, bundan sonra ABŞ ordusu heç bir ölkəyə demokratiya gətirmək üçün getməyəcək. Əslində isə bu etiraf idi. Niyə? Çünki ABŞ ordusu hansısa ölkəyə demokratiya gətirməyib. İraqda, Əfqanıstanda, Liviyada demokratiya var? Suriyada dünənə qədər beli bombalı terrorçu olan adam indi boğazı qalstuklu prezident olub. Artıq nəinki demokratiya, xalqların azadlığı sözü də yığışdırılıb. Hər şey çılpaqlığı ilə ortadadır.

Düşünməli olduğumuz məsələlərdən biri də İranın bu prosesin içərisindən güclü, yoxsa zəif çıxmasıdır. Zəif çıxarsa, hansı təhdidlər yarana bilər, güclü çıxarsa, hansı təhdidlər yarana bilər? İran zəif də çıxsa, güclü də çıxsa, Cənubi Qafqaza, suverenliyə xüsusi təhdid yarada bilməyəcək. Çünki Rusiya faktoru burada əsas amildir. İranın ilk hədəfinin Suriya olacağı mütləqdir. Niyə Suriya? Hazırda baş verənlər göstərdi ki, Suriya prosesi İranı vurmaq üçün qapıların açılması idi. Suriyada itirən tərəf yalnız İran oldu. Suriya prosesi baş verən zaman da yazırdım ki, İran ətrafında həlqə daralır. Bu həm də İranın mühasirəsidir.

Bu proseslərdə ən təhlükəli tərəf isə Rusiyadır. Putin son müsahibəsində açıq şəkildə dilə gətirdi ki, Rusiya ordusunun girdiyi hər yer Rusiyanındır. Azərbaycan tərəfinin bu proseslərdə apardığı addımlar kifayət qədər reallıqlara əsaslanan, təhdid və təhlükələrindən yayınmağı hesablanan bir siyasətdir. Rəsmi Bakı bəyan etdi ki, Azərbaycan ərazisindən üçüncü bir ölkəyə qarşı istifadə edilməyəcək. Böyük dövlətlərin səhv etmək kimi lüksü var, özü də dəfələrlə, ancaq kiçik dövlətlərin səhv etmək kimi heç bir lüksü yoxdur. Bir səhv suverenliyi təhlükə altına ala bilər.

Azərbaycan proseslərdən dərslər çıxarmalı və hədəflərini dəqiq müəyyən etməlidir. Hissi davranmaq ağır nəticələr verə bilər. Şimaldakı azərbaycanlıların ən böyük arzusu cənubla birləşməkdir. Bunu sənə yedirərlər? Əsla! Arzu ilə potensial tərs mütənasib olanda ortaya çıxan nəsnənin adı boşboğazlıq, populizm, pafos olur…

Səxavət Məmməd

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600