ABŞ-nin İran gedişi: Müharibə xəbərdarlığı, yoxsa psixoloji təzyiq?
“Hazırkı mənzərə göstərir ki, hər iki tərəf belə bir ssenaridə maraqlı deyil”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.
O, hər gün yaxınlaşmaqda olan ABŞ hərbi qüvvələrinin İrana mümkün zərbəsindən danışıb.
Politoloq bildirib ki, vəziyyət birbaşa müharibənin başladığı anlamına gəlməsə də, daha çox İrana qarşı xəbərdarlıq və psixoloji təzyiq kimi qiymətləndirilə bilər.
“Görünən odur ki, tərəflər birbaşa toqquşmada maraqlı deyillər. Lakin qarşılıqlı güc nümayişi davam edir. Zaman-zaman kiçik hücumlar və lokal gərginliklər yaşansa da, bunun yaxın perspektivdə genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı yüksək görünmür.
Bu kontekstdə xüsusilə diqqət çəkən məqam sabah, fevralın 6-da İran və ABŞ nümayəndələri arasında planlaşdırılan görüşdür. Əslində bir sıra suallar ortaya çıxır: görüşün Türkiyədə keçirilməsi nəzərdə tutulsa da, İran bununla bağlı niyə imtina etdi və görüşün formatı necə olacaq?
Bu görüşün nəticələri bölgədəki ümumi vəziyyətə ciddi təsir göstərə bilər. Çünki ABŞ və İran arasında birbaşa toqquşma baş verərsə, bu, regionda böyük müharibəyə yol aça və bir çox ölkəni prosesə cəlb edə bilər. Lakin hazırkı mənzərə göstərir ki, hər iki tərəf belə bir ssenaridə maraqlı deyil.
Buna baxmayaraq, əsas məqam sabahkı görüşdür. Görüşün baş tutub-tutmayacağı, tərəflərin hansı qərarlara gələcəyi yaxın günlərdə aydın olacaq. Məhz buna görə də prosesləri diqqətlə izləmək və görüşün nəticələrini gözləmək lazımdır”, — deyə o bildirib.
Nəsimi Ələsgərli












