ABŞ Suriya və Avropadan ÇƏKİLİR: Bu proses Türkiyəni güclü mövqeyə GƏTİRİB
Pentaqon və kəşfiyyat dairələrindən sızan son məlumata görə, ABŞ Suriya ilə yanaşı, Avropadakı hərbi varlığını da əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşır. Məlumatlarda qeyd olunur ki, bu proses Türkiyəni Suriya məsələsində İsrail qarşısında daha güclü mövqeyə gətirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Portal yazır ki, ABŞ prezidenti Donald Trampın açıqlamasının ardından Pentaqon da bəyanat yayaraq, Suriyadakı ABŞ qüvvələrinin mərhələli şəkildə geri çəkildiyini bildirib. Artıq ölkədəki üç hərbi baza bağlanıb və ABŞ hərbi kontingentini min nəfərin altına endirməyi planlaşdırır. Pentaqon mənbələrinin məlumatına əsasən, ABŞ-nin Suriya siyasətindəki bu dəyişiklik Türkiyə ilə İsrail arasında yeni güc balansı yaradıb. Ankara isə bu balansda üstün tərəf kimi göstərilir.
Pentaqona yaxınlığı ilə tanınan “The War Zone” xəbər portalının əldə etdiyi məlumatlara görə, xüsusilə Şam ətrafında hər an silahlı toqquşmaların başlaya biləcəyi riski mövcuddur. Mənbələr Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Suriyada müxtəlif silahlı qrupları dəstəklədiyini və bu səbəbdən təhlükəsizlik riskinin artdığını bildirirlər. ABŞ üçün əsas prioritet isə Suriyanın şimal-şərqində yerləşən neft yataqlarının qorunması olaraq qalır. Eyni zamanda, Trampın Suriyadan tam çıxmaq niyyətində olduğu da qeyd olunur.
Mənbələrin iddiasına görə, Suriya prezidenti Əhməd əş-Şaraa ABŞ-nin bölgədəki hərbi və kəşfiyyat şəbəkəsi ilə sıx əməkdaşlıq edir. Suriyalı rəsmilər İŞİD rəhbərlərinin yerini ABŞ-yə bildirir və hazırda Suriya Müdafiə Nazirliyi daxilində ABŞ-nin tərəfdaşları var. Şam ilə PKK/YPG arasında əldə olunan razılaşmanın da ABŞ vasitəçiliyi ilə baş tutduğu deyilir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təşəbbüsü ilə əldə edilən razılaşmada Türkiyə ilə Suriyanın şimal-şərqindəki qurumlar arasındakı gərginliyin azaldılması maddəsi də yer alıb.
ABŞ-nin çəkilməsi ilə bölgədə İranın nüfuzunun artma ehtimalı da gündəmdədir. Trampın yeganə narahatlığı İranın nüvə razılaşmasını imzalayıb-imzalamayacağıdır. Əgər Tehran bu sazişi imzalamazsa, ABŞ-nin İsraillə birgə İrana hava zərbələri endirəcəyi ehtimal edilir. İsrailin isə təhlükəsizlik boşluğu səbəbindən Suriyanın cənub-qərbində işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyi proqnozlaşdırılır.
ABŞ mediasının məlumatına görə, Tramp Avropadakı 100 minlik Amerika əsgərinin azı yarısını ölkəyə geri gətirməyi planlaşdırır. Bu qüvvələrin əsasən ABŞ-ın cənub sərhədlərində qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə istifadə olunacağı bildirilir. “Intelligence Online” nəşrinin yaydığı məlumata görə isə ABŞ ordusunun çəkilməsi fonunda ölkəyə çoxlu sayda özəl hərbi şirkət daxil olub. Bu qurumlar artıq media orqanları, səfirliklər və iri şirkətlərin təhlükəsizliyini təmin etməyə başlayıb. İngiltərə və BƏƏ ortaq layihəsi olan “Aegis Defence” şirkətinin ölkədə ordu ölçüsündə gücə sahib olduğu iddia olunur.
Liberal mövqeli “Responsible Statecraft” nəşrinin məlumatına görə, ABŞ Avropadakı hərbi kontingentini də azaltmaq niyyətindədir. Artıq minlərlə ABŞ əsgəri Almaniya və Polşadan geri çağırılıb. Bu prosesin müdafiə büdcəsinə qənaət məqsədi daşıdığı və ABŞ-nin Avropadakı hərbi mövcudiyyətinin ciddi şəkildə azaldılacağı bildirilir.
Rafi Müslümov