ABŞ Ukraynadan istədiyini QOPARDI – Bütün gözlər Trampa DİKİLDİ
“Zelenski Trampla memorandum imzalamağa məcbur idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputat Ukrayna və ABŞ arasında mineral ehtiyatlarla bağlı memorandum imzalanmasının səbəblərini izah edərək bildirib ki, Ukrayna tərəfi buna məcbur idi:
“ABŞ prezidenti Tramp hakimiyyətə gəlişindən bir az sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir neçə şərtlər ortaya qoydu. O, qısa vaxt ərzində bu müharibəni dayandıracağını söz versə də, daha sonra anladı ki, bu müharibə onun düşündüyü qədər asan həll olunan məsələ deyil, problemin kökü daha dərindir. Hər iki ölkə bir-birinə əks şərtlər irəli sürür və hələlik bir neçə gün içində bu müharibəni saxlamaq, atəşkəs elan etmək və ya hər hansı sülh müqaviləsi imzalamaq mümkün görünmür”.
Onun sözlərinə görə, ABŞ prezidentinin özünün müharibəyə baxış bucağında şərtləri var:
“Onlardan ən əsası da Ukrayna ilə mineral ehtiyatlarla bağlı anlaşma sazişinin imzalanması idi ki, bu məsələni də Ukrayna prezidenti ilə razılaşdıra bilmədi. Zelenski öz şərtlərini irəli sürdü. Bu şərtlərə daxildir: Ukrayna tərəfinə daimi təhlükəsizlik qarantiyasının verilməsi, Rusiyaya qarşı olan tələblərinin qüvvəyə minməsi, Rusiya işğal etdiyi əraziləri geri qaytarıb Ukrayna torpağından çıxarılması. Bu şərtlərə nə Tramp, nə də Putin tərəfindən qəbul edilmədi”.
V. İskəndərovun fikrincə, siyasətçilər bilirdilər ki, Trampın minerallarla bağlı olan təklifi gec-tez Ukrayna tərəfindən qəbul ediləcək:
“Ona görə ki, Ukrayna prezidenti hazırda çox çıxılmaz vəziyyətdədir. Həmin vəziyyətdə qismən də olsa, işıq ucunun görünməsi ABŞ prezidentinin yeritdiyi siyasətlə mümkün olacaq. Çünki özünün də dediyi kimi Putini masaya oturdub danışa və hər hansı nəticə əldə edə biləcək şəxs məhz Trampdır. Buna görə də Zelenski ABŞ prezidentinin şərtlərini qəbul etməkdən başqa yolu qalmadığını anlayırdı. Həmin memorandum artıq imzalanır. Ukrayna həmin ehtiyatları öz iqtisadiyyatları gücünə həll edə bilməzdi. Bu yeraltı sərvətlər hər hansı beynəlxalq şirkətlə müqavilələr bağlanaraq istismar oluna bilərdi. Bunu ABŞ-nin öz üzərinə götürməsi Ukrayna üçün gələcəkdə müsbət nəticə olacağına işıq yandırır”.
O, həmçinin qeyd edib ki, bundan sonrakı dövrdə Trampın hansı addımı atacağı məlum deyil:
“Trampın gözlənilməz gedişlərini hər birimiz bilirik. Memorandum imzalandıqdan sonra onun hansı mövqe tutacağını, Rusiya ilə danışıqlarda mövqeyini dəyişəcəyini və ya Ukrayna ilə bağlı olan silah və maliyyənin verilməsindəki embarqoların götürəcəyi və bunun necə baş verəcəyi hələlik aydın deyil. Düşünürük ki, Kiyev Vaşinqtonun dəstəyi altında memorandum imzaladısa, hər halda, onun da gözləntiləri var. ABŞ prezidenti artıq bundan sonra Rusiya prezidentinə təzyiqləri artırmağa çalışacaq. Lakin, bu məsələdə ABŞ çox ehtiyatlı davranacaq. Çünki Tramp Putini çox yaxşı tanıyır. Putin elə siyasətçidir ki, onun üzərinə getməklə hər hansı nəticəni əldə etmək mümkün deyil. Bu mənada Tramp digər variantları nəzərdən keçirməlidir”.
Müsahibimiz hesab edir ki, hər siyasətçinin alternativ variantları olur:
“ABŞ prezidenti də ehtiyat variantlarından istifadə etməlidir ki, heç olmasa, ilkin hər hansı razılıq əldə olunsun. Razılığın forması, necə olacağı, Rusiya və Ukraynanı qane edəcəyi hələ ki bəlli deyil. Çünki hər iki lider maksimalist tələblər irəli sürür. Bu tələblər təbii olaraq bu məsələnin çözülməsini çətinə salır. Hadisələrin gedişini izlədikcə, nələrin baş verəcəyi aydın olacaq. Hazırda gedən proseslər bu müharibənin çox yaxın zamanda sülhlə bitəcəyini göstərmir. Ukrayna çox çətin durumdadır. Böyük əraziləri artıq işğal olunub. Rusiyanın da qayğıları çoxdur. Kurskdakı vəziyyət, silah və maliyyə ilə bağlı ölkəyə tətbiq olunan sanksiyalarla bağlı Rusiya hazırda çətinlikdədir. Buna baxmayaraq, hər iki lider geriyə yol olmadığını bilir və geriyə atılan addım hər iki lider üçün intihar ola bilər. Ona görə də bu mənada yenə də bütün gözlər Trampa dikilir. Trampın mineral ehtiyatlarla bağlı memorandumu imzalamaqla bundan sonra bu müharibənin bitməsi üçün hansı addımları atacağını zamanla görəcəyik”.