ABŞ və Rusiya arasında “Qaz savaşı”: Azərbaycana hansı nəticə sərfəlidir?

Avropanın qaz bazarına nəzarət uğrunda Birləşmiş Ştatlarla Rusiya arasında şiddətlənən mübarizə yeni fazaya daxil olub.

Rusiyalı politoloq, “Tsarqrad” telekanalının siyasi şərhçisi Kamran Həsənov Yenicag.ru-ya müsahibəsində Vaşinqtonla Moskvanın “Qaz savaşı”nın gedişatını və mümkün nəticələrini dəyərləndirib.

– ABŞ və Rusiya arasında güclənən “qaz rəqabəti”ni necə qiymətləndirirsiz?

– Çox böyük şübhələr var ki, Polşanın ABŞ-dan alacağı sıxılmış qaz Rusiyadan alınan qazdan 30 faiz ucuz başa gələcək. Ən azı ona görə, ABŞ sıxılmış qazının maya dəyəri kifayət qədər yüksəkdir. Avropalı siyasətçilər və biznesmenlər, o cümlədən Almaniyanın xarici işlər naziri Maasen ilə “Total” şirkətinin baş direktoru Puyane açıq bildiriblər ki, Amerika qazı rəqabətə davamlı deyil, Rusiya qazı daha ucuzdur.

Ancaq buna baxmayaraq, hazırda bütün Avropada – İspaniyadan tutmuş Yunanıstana, Polşadan tutmuş Xorvatiyaya qədər sıxılmış qazın tədarükü üçün terminallar tikilməkdədir. Polşanın Rusiyadan qaz idxalını (tələbatın 80 faizi) azaltmaq niyyəti siyasi xarakterlidir və Donbas müharibəsi ilə Krım referendumundan sonra dərinləşən ənənəvi antiRusiya ovqatının təzahürüdür. Ona görə də, Polşa hətta özü üçün zərərli olsa da, Rusiyadan qaz idxalının həcmini azaldır.

– Bu gedişlə Avropa İttifaqının digər ölkələri də Rusiyadan qaz idxalını azalda və tam dayandıra bilər?

– “Qazprom”un 2018-ci il məlumatlarına əsasən, Avropa İttifaqına ixrac olunan təbii qazın həcmində rekord göstərici müəyyən edilib: 200 milyard kubmetr. Yaxın 10 ildə bu göstəricinin 300 milyard kubmetrə çatdırılması gözlənilir. “Şimal axını-2” layihəsinin icrası və “Türk axını” layihəsi üzrə təkrar ixrac perspektivi bu məqsədə nail olunmasına zəmin yaradır. İrana qarşı sanksiyaların sərtləşdirilməsi isə Tehranın bu məsələdə Rusiyaya rəqib olmaq ehtimalını heçə endirir.

Fikrimcə, adlarını çəkdiyim ölkələr okeanın o tayından aldıqları qazın həcmini artıracaqlar. Əks halda, tikilən terminalların heç bir əhəmiyyəti olmazdı. Lakin qarşıdakı 15-20 il ərzində Avropa ilə Rusiya arasında kəskin qarşıdurma yaranmasa, o zaman Moskva Avropanın qaz bazarında öz liderliyini qoruyub saxlayacaq. Hipotetik baxımdan isə, Avropanın Amerika qazına üstünlük verməsi Rusiyanın mövqelərini sarsıda bilər.

– Əgər ABŞ Avropaya sıxılmış qazın ixracını artırarsa, bu, Rusiyanın qitə və dünyadakı mövqeyinə, o cümlədən iqtisadi maraqlarına necə təsir göstərəcək?

– Rusiya qazından deyil, Amerika qazından asılı vəziyyətə düşəcək Avropa Vaşinqtonun qarşısında daha itaətkar vəziyyətə düşəcək. Bu halda Avropa Ağ Evin istəyinə uyğun olaraq, Rusiya və Çinə qarşı sanksiyalara daha həvəslə qoşulacaq. Bununla belə, Rusiya ilə yaxın münasibətlərin tərəfdarı olan Avropa partiyalarının mövqeyini diqqətdən qaçırmaq olmaz. Digər tərəfdən, proseslərin bu ssenari üzrə inkişaf edəcəyi təqdirdə, Rusiya indiki qiymətlər üzündən ABŞ-dan neft idxalını demək olar, dayandırmış Çinə ixracatın həcmini kəskin şəkildə artırmalı olacaq.

Son olaraq bunu deyə bilərik ki, Rusiya xammalına tələbatın azalması Moskvanı “neft iynə”sindən düşərək, sənayenin və digər sahələrin inkişafı ilə məşğul olmağa sövq edəcək. ABŞ-Çin qlobal rəqabətinin qaçılmazlığı fonunda Rusiyanın Avropadakı mövqelərinin zəifləməsi Avropa İttifaqı-ABŞ və Rusiya-Çin kimi qüdrətli alyansların yaranması ilə nəticələnməlidir.

Söhbətləşdi Qafqaz Ömərov