“ABŞ Xəzər Konvensiyasına neytral, Çin isə müsbət yanaşır” – Rusiyalı politoloq

“Xəzərin hüquqi statusunun müəyyənləşməsinə dair Konvensiyadan kimin udub, kimin uduzduğunu söyləmək hələ tezdir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində avqustun 12-də Aktau sammitində Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsinə dair imzalanmış Konvensiyaya böyük dövlətlərin münasibətini dəyərləndirən Rusiyalı politoloq və tarixçi İqor Pankratenko deyib.

İqor Pankratenkonun sözlərinə görə, bu çərçivədə ABŞ və Çinin sözügedən Konvensiyaya reaksiyaları arasında kəskin fərq yoxdur:

“Dünyanın əksər ölkələri kimi, ABŞ da bu Konvensiyaya neytral yanaşdı. Açığı, Konvensiyanı imzalayan Xəzəryanı dövlətlərdən başqa digər ölkələr həmin sənədin qəbulunu heç də qlobal hadisə kimi qiymətləndirmədilər.

Konvensiyanın qəbulundan kimin udduğunu, kimin uduzduğunu söyləmək tezdir. Bununla belə, deyə bilərik ki, Konvensiya Xəzəryanı ölkələr arasında İranı daha çox qane etmir.

Ancaq burada da müəyyən nüanslar var. Məsələn, Xəzər dənizində kənar dövlətlərin hərbi-siyasi mövcudluğunun qarşısında hüquqi sədd çəkilməsi İranın marağına uyğundur.

Eyni zamanda, imzalanmış Konvensiya İranın Azərbaycan və Türkmənistanın Xəzər siyasətinə yönəlik iddialarını aradan qaldırmamaqla yanaşı, Tehranın diplomatik manevr, o cümlədən ikitərəfli münasibətlərdə nəticə qazanmaq imkanlarını genişləndirir.

O baxımdan, Konvensiya çərçivəsində “qalib” və “məğlub”lardan danışmaq hələ ki yersizdir. Dediyim kimi, Konvensiyanın imzalanması ilə hələ ki intriqaları özündə saxlayan əsas suallara cavab verilməyib.

Xəzər Konvensiyasının imzalanmasına Çin də müsbət yanaşır. Bilirsiz, Xəzər dənizi “Zolaq və Yol” marşrutlarının ən vacib sahələrindən biridir. Həmin sahədə nizamlı vəziyyətin olması Çini əlbəttə ki, məmnun edir. Əgər gələcəkdə hansısa nüanslar ortaya çıxarsa, o zaman Çin həmin məsələləri Xəzəryanı dövlətlərlə ikitərəfli danışıqlar əsasında tənzimləməyə çalışacaq”.

Loading...