“Accessbank”da yanğın baş verib.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospekti 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.
Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Sözügedən hadisə ilə bağlı “AccessBank” da açıqlama yayıb. Açıqlamanı olduğu kimi təqdim edirik:
“AccessBank”ın baş ofisində yanğın hadisəsinin baş verməsi ilə bağlı əsassız və dəqiqləşdirilməmiş informasiya yayılmaqdadır.
Bununla əlaqədar bildirmək istərdik ki, 2019-cu ilin aprelin 11-də saat 14:00 radələrində Bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir. Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Qaynar xətti”nə məlumat verilib. Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb.
Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib.
Tüstülənmənin qarşısının alınmasında iştirak edən əməkdaşlarımıza, habelə FHN-in briqadasına təşəkkür edirik.
Bank haqqında xəbərləri yaymadan öncə KİV nümayəndələrindən İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”.
www.yenicag.az