!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AccessBank” nizamnamə kapitalını artırdı - Yeni Müşahidə Şurası formalaşacaq

!Reklam – Yazi

Bu gün JW Marriott Absheron otelində “AccessBank”ın səhmdarlarının strukturundakı dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, bankın İdarə Heyətinin sədri Anar Həsənov “AccessBank”ın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib. Bunu şərh edən cənab Həsənov bildirib ki, 2018-ci ilin noyabrın 15-də bank, mövcud səhmdarlar və kreditorlar arasında “AccessBank”ın kapital mövqeyinin gücləndirilməsinə dair saziş imzalanıb. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində Bankın kapitalının 118.5 mln. manat məbləğində artırılması, o cümlədən yeni səhmlərin emissiyası və mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsi 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb.

Yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var.

Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib: “AccessBank” yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir”.

Anar Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. “Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, “şərti kapital”ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”, – deyə sədr vurğulayıb.

İnvestorlarla danışıq prosesində 4 illik strateji inkişaf planının hazırlandığını bildirən Həsənov qeyd edib ki, plana əsasən, “AccessBank” kredit portfelini aktiv şəkildə böyütməyi, o cümlədən gəlirlilik səviyyəsini daha da artırmağı planlaşdırır: “Sözsüz ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək”.

Bununla yanaşı, cənab Həsənov qeyd edib ki, bankın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının, KfW və Access Microfinance Holding AG-nin səhmlərinin LFS Advisory GmbH tərəfindən alındığını bildirən sədr həmin maliyyə təşkilatlarına 15 il ərzində banka göstərdiyi dəyərli dəstəyə görə təşəkkür edib.

Asiya İnkişaf Bankının nümayəndəsi Corc Rubli (George Rublee): “Asiya İnkişaf Bankının kapitallaşma prosesində göstərdiyi səylərlə biz bir daha AİB-in səhmdarı olan Azərbaycan hökuməti ilə razılaşdırdığımız prioritetlərə sadiq qaldığımızı nümayiş etdirdik. AİB inklüziv inkişafın katalizatoru olan ölkənin maliyyə sektorunun dinamik və dayanıqlı şəkildə böyüməsini dəstəkləyir. “AccessBank” makroiqtisadiyyatda mühüm rol oynayan əhalinin əsas hissəsinə xidmət göstərir və bundan sonra da ölkə iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz qiymətli töhfəsini verməkdə davam edəcək. Biz “AccessBank”ın uğurlarının davamlı olması üçün tərəfdaşlarımızla əməkdaşlığa hazırıq”.

Avropa İnvestisiya Bankının nümayəndəsi Yitka Bures (Jitka Bures): “Avropa İnvestisiya Bankının “AccessBank”ın rekapitalizasiyası prosesində iştirakı kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışın təmin olunması ilə bağlı strategiyamıza uyğundur. Kiçik və orta sahibkarlıq subyektləri istənilən iqtisadiyyatın dayağı hesab olunmaqla əhalinin əsas hissəsinin işlə təmin olunmasına səbəb olur. Ümid edirik ki, AccessBank öz biznesini inkişaf etdirməyə və Azərbaycan əhalisinin həyatına müsbət təsir etməyə davam edəcək”.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Cerri Vu (Jerry Wu): “Təsisçi səhmdarlardan biri olaraq, IFC AccessBank-ın missiyasına sadiq qalır. Ölkədə sosial-iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına töhfə vermək məqsədilə Bankın inkişafının yeni mərhələsini və kiçik biznesin maliyyələşməsinin artırılmasını dəstəkləmək üçün yeni səhmdarlarla əməkdaşlığa ümid edirik”.

responsAbility-nin nümayəndəsi Oleq İvaniyçuk (Oleg Ivaniychuk): “responsAbility ötən müddət ərzində “AccessBank”ı həm kreditor, həm də kapitallaşma prosesində etibarlı tərəfdaş olaraq aktiv şəkildə dəstəkləyib və gələcəkdə də bir səhmdar kimi dəstəyini nümayiş etdirəcək. Biz kapitallaşma prosesində digər kreditorların, səhmdarların və MBNP-nin iştirakını, habelə bankın komandasının fədakarlığını yüksək qiymətləndiririk. Artıq biz bankın inkişafında yeni mərhələyə qədəm qoyuruq və “AccessBank”ın daha güclü, effektiv və innovativ olması istiqamətində dəstəyimizi əsirgəməyəcəyik”.

Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:

– Asiya İnkişaf Bankı – 19.90%;
– Avropa İnvestisiya Bankı – 17.39%;
– Beynəlxalq Maliyyə Korporasiyası – 16.56%;
responsAbility tərəfindən idarə edilən investisiya fondları:
– responsAbility SICAV (Lux) – 2.91%
– responsAbility Management Company S.A. – 7.11%
– Hollandiya İnkişaf Bankı (FMO) – 9.41%;
– Avstriya İnkişaf Bankı – 9.17%;
– SIFEM AG – 8.89%;
– EFSE – 2.78%
– Symbiotics SICAV (Lux.) – 2.27%
– GGF – 1.77%
– LFS Advisory GmbH – 1.27%
– Qara Dəniz Ticarət və İnkişaf Bankı – 0.58%

COP29

www.yenicag.az

5351
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv