“Hesab ödəmədən qaçmasınlar” deyə qapıları bağladılar: 27 ölü, onlarla yaralı var
Taylandın paytaxtı Banqkokda dünən gecə klubunda baş verən və 27 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğınla bağlı şok faktlar üzə çıxıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan ilkin araşdırmalar zamanı məkandakı qəza çıxış qapılarının qəsdən bağlandığı məlum olub. İddiaya görə, klub rəhbərliyi müştərilərin hesab ödəmədən qaçmasının qarşısını almaq üçün əsas təxliyə qapılarından birini qıfıllayıb. Digər çıxış nöqtələrinin önü isə masalar və ağır seyflərlə kəsilib.
Banqkok valisi Çadçart Sittipunt jurnalistlərə açıqlamasında bu dəhşətli səhlənkarlıq iddiasının ciddi şəkildə araşdırıldığını təsdiqləyib.
Alevlərin sürətlə yayılması nəticəsində içəridə böyük panika yaşanıb. Çıxış yolu tapa bilməyən onlarla şəxs klubun arxa tərəfindəki tualetlərə sığınıb. Dünyasını dəyişənlərin əksəriyyətinin meyiti məhz orada tapılıb. İlkin tibbi rəyə görə, 9-u kişi, 18-i qadın olmaqla 27 nəfərin böyük hissəsi tüstüdən zəhərlənərək keçinib. Hadisə zamanı 22-si ağır olmaqla çoxlu sayda insan da xəsarət alıb.
İlkin ehtimala görə, faciəyə kondisioner sistemindəki nasazlıq və qısaqapanma səbəb olub. Faktla bağlı genişmiqyaslı təhqiqat davam edir.
Ayşən













