Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunacaq.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilən reklam açıq məkanda reklam hesab edilib.
Qüvvədə olan Qaydaya əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyib. Dəyişikliyə əsasən, artıq ümumi ölçüsü 2 kvadratmetrdən deyil, 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.
www.yenicag.az