Məqsədimiz bölgədəki elmi araşdırmalar və innovasiyalar üçün inkişaf mərkəzinə çevrilməkdir və bu məqsədlə universitetimizə yaxın bir sahədə Elm Düşərgəsini (kəndini) qurmağı planlaşdırırıq.
Yenicag.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev 31-ci Beynəlxalq informatika olimpiadasının açılış mərasimində deyib.
Onun sözlərinə görə, Beynəlxalq informatika olimpiadası kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirir:
“Bu gün auditoriyada təmsil olunan insanlar yaxın 10-15 ildə texnoloji inkişafın istiqamətlərini və gündəliyini formalaşdıracaqlar və buna görə də bu tədbirə ev sahibliyi etmək həm təhsil, həm də İT sektoruna Azərbaycanın dərin maraq, qayğı və dəstəyinin göstəricisidir. ADA Universiteti bölgədə sürətlə böyüyən bir ali təhsil müəssisəsidir. İT və Mühəndislik Məktəbimiz, “biliklərə əsaslanan iqtisadiyyat”ın inkişafı üçün çox əhəmiyyətli rola malik İT sahəsində gənc mühəndis, proqramçı və mütəxəssis yetişdirmək məqsədi ilə yaradılıb. Məzunlarımız Google, Oracle, Microsoft kimi qlobal texnoloji şirkətlərdə işləyir və yerli İT sənayesinin inkişafına kömək edir. Hər il biz biznes ideyalar müsabiqəsi və startap yarışları keçiririk və yeni uğur hekayələri ortaya çıxarmaq üçün gənclərin ən yaxşı fikirlərini dəstəkləyirik. Bu il də informatika fənni üzrə Milli Olimpiadanın yarımfinal və finalına ev sahibliyi edirik.
Böyük Məlumat Təhlili üzrə Tədqiqatlar Mərkəzimiz artıq ölkədəki gənc istedadların diqqətini qazanıb”.