“Adam nankor olmaz, Rəsul!” – Cüdo federasiyasının rəsmisi

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev “Neftçi İdman Klubu”ndan ayrılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İK-dən güləşçiyə “bugün-sabah” deyilsə də, vədə əməl edən olmayıb. Aldadıldığını görən Çunayev “Neftçi” İK-dən ayrılmağa qərar verib. Məlumatı əməkdaşımızla söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısının özü də təsdiqləyib.

Ancaq Sadıq Sadıqova yaxınlığı ilə bilinən, Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Neftçi” İK-in qeyri-rəsmi işçisi Elnur Əşrəfoğlu məlumatı təkzib edib.

O, Rəsul Çunayevlə bağlı şəxsi “facebook” hesabında yazıb:

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi “Neftçi İdman Klubu” haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay “Neftçi”dən 2 min manat əməkhaqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma “Neftçi İdman Klubu” “cocuq” vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!”

Qeyd edək ki, Elnur Əşrəfoğlunun başqa federasiyanı təmsil etdiyi halda, güləşlə bağlı xəbərə münasibət bildirməsi heç də təəccüblü deyil. O, Sadıq Sadıqovun “Neftçi” futbol klubunda prezident olduğu vaxtlarda komandanın mətbuat katibi, daha sonra prezident müşaviri vəzifəsində çalışıb.

Maraq üçün onu da bildirək ki, “Neftçi” İK-in prezdenti olan Sadıq Sadıqov eyni zamanda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.
Yenicag.az

 

COP29