Bakıda İstanbul Bəykənd Universiteti tərəfindən seminar keçirildi
Bu günlərdə İstanbul Bəykənd Universiteti Bakı şəhərində təşkil olunan xüsusi təhsil proqramı çərçivəsində Azərbaycanlı təhsil işçiləri ilə bir araya gəldi. Universitetin Media və kommunikasiya kafedrasının müəllimi və Kommunikasiya fakültəsinin dekan müavini dosent Asiman Qutlu “Təhsildə İştirakçı Yanaşmaları” mövzusunda seminar keçirdi.
Seminarda İstanbul Bəykənd Universitetinin Mütevelli Heyətinin sədri Dr. Ərkan Çəlik, rektor, professor Dr. Vulkan Öngəl, dekan Sərhat Butur və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybala Yavuzarslan da iştirak etdilər. Tədbirə ümumilikdə 400 təlimçi qatıldı. Seminar interaktiv sessiyalar və praktiki vəziyyət təhlilləri ilə zənginləşdirilərək, müasir təhsil yanaşmalarında müəllimin bələdçi rolunu effektiv şəkildə yerinə yetirə biləcəyi müzakirə olundu.
Seminardan sonra dosent Dr. Asiman Qutlu təəssüratlarını moderator.az-la bölüşdü:
-Təhsil keyfiyyətini artırmaq – öyrənməni sadəcə məlumat ötürülməsi deyil, birgə düşünmə, yaratma və qərarvermə prosesi halına gətirmək deməkdir. Bu günün təhsil dünyasında yalnız məlumat vermək kifayət deyil. Tələbənin öz öyrənmə prosesində söz sahibi olması motivasiyanı və davamlı öyrənməni ciddi şəkildə artırır. Bu yanaşma 21-ci əsr bacarıqlarının inkişafını da dəstəkləyir. Bu gün bu anlayışı həmkarlarımla bölüşmək mənim üçün böyük bir sevincdir”.
-Seminar necə keçdi? Ümumiyyətlə, iştirakçıların marağı necə idi?
-Seminar son dərəcə məhsuldar keçdi. Xüsusilə tətbiqi nümunələr və qrup qarşılıqlı əlaqələri böyük maraq doğurdu. İştirakçıların aktiv şəkildə suallar verməsi, öz təcrübələrini paylaşması və bu yanaşmanı öz siniflərinə necə tətbiq edə biləcəkləri ilə bağlı müzakirələr aparmaları çox dəyərlidir.
Hər ölkənin təhsil sistemi özünəməxsus xüsusiyyətlərə malikdir. Lakin öyrənmə prosesində qarşılıqlı əlaqə, geribildirim və birgə yaradıcı fəaliyyət kimi ümumbəşəri prinsiplər hər yerdə keçərlidir. Azərbaycanlı müəllimlərin bu innovativ metodlara açıq və həvəsli olduğunu müşahidə etdim.
-İştirakçı yönümlü təhsildə texnologiyanın təsirini necə qiymətləndirirsiniz?
-Texnologiya, iştirakçı yönümlü təhsili dəstəkləyən ən güclü vasitələrdən biridir. Tələbələrin fərdi töhfələrini artırmaq, ani geribildirim almaq və çoxsaylı öyrənmə kanalları yaratmaq baxımından böyük üstünlüklər təqdim edir. Amma burada əsas məsələ doğru vasitələri uyğun pedaqoji məqsədlərlə inteqrasiya etməkdir. Bu səbəbdən müəllimlər hansı vasitə ilə hansı öyrənmə məqsədini dəstəkləyəcəyini düzgün təhlil etməlidir.
-Rəqəmsal dünyanın inkişaf etdiyi dövrdə təhsilin gələcəyini necə görürsünüz?
-Gələcək hibrid öyrənmə və süni intellekt dəstəyi ilə fərdiləşdirilmiş təhsil modelləri ilə formalaşır. Amma ən güclü komponent yenə də iştirak olacaq. Texnologiya nə qədər inkişaf etsə də, təhsilin təməlində tələbənin düşünməsi, sorğu aparması, töhfə verməsi və məna yaratması dayanır. İştirakçı yönümlü yanaşmalar bu təməl üzərində qurulan hər bir rəqəmsal yeniliyi daha mənalı edəcək.
-Gələcəkdə bu cür təhsil əməkdaşlıqları planlaşdırılırmı?
-İstanbul Bəykənd Universiteti olaraq təhsildə beynəlxalq əməkdaşlıqlara böyük önəm veririk. Məlumat və təcrübə paylaşımı ilə yalnız akademik əlaqələri gücləndirmir, eyni zamanda ortaq öyrənmə mədəniyyəti yaradırıq. Bu seminar da universitetimizin akademik missiyasını və cəmiyyətə töhfə vizyonunu xaricə daşımaq baxımından dəyərli bir addım oldu. Xüsusilə, rəqəmsal vasitələrin də daxil olması ilə onlayn təhsil modelləri və ortaq akademik layihələr vasitəsilə daha geniş auditoriyalara çatmağı hədəfləyirik.