Ukrayna Müdafiə Nazirliyi “Patriot”un operativ tədarükü barədə 40 ölkəyə sorğu göndərdi
Ukrayna Müdafiə Nazirliyi “Patriot” raketlərinin tədarükünü və PURL və JUMPSTART proqramları çərçivəsində töhfələri sürətləndirmək xahişi ilə 40 tərəfdaş ölkəyə müraciət edib.
Yenicag.az xəbər verir ki, bu barədə müdafiə qurumunun bəyanatında bildirilir.
“Ukraynanın müdafiə naziri (Mixail Fyodorov – red.) 40-a yaxın tərəfdaş ölkəyə artıq məktub göndərərək “Patriot” raketlərini mövcud ehtiyatlardan elə bu ay təxirə salınmadan Ukraynaya verməyi xahiş edib, eləcə də PURL və JUMPSTART mexanizmləri çərçivəsində töhfələr verməyə çağırıb. Bu, “Patriot” üçün zəruri raketlərin tədarükünün ən sürətli və etibarlı yollarıdır. Qərarın elə NATO sammiti ərəfəsində qəbul edilməsi kritik dərəcədə vacibdir”, – qurumdan qeyd edilib.
Bildirilib ki, Ukraynanı antiballistik raketlərlə təmin etmək üçün aprel ayında Müdafiə Nazirliyi Almaniyanın dəstəyi ilə “Patriot” üçün yüzlərlə”PAC-2″ raketinə dair ilk dəfə rekord müqavilə bağlayıb ki, onların da tədarükü növbəti illər ərzində başlayacaq. Həmçinin ilk dəfə olaraq Aİ krediti hesabına 1 milyard dollar məbləğində “Patriot” üçün yüzə yaxın raketin alınması istiqamətində addım atılıb. Bu il Ukrayna həmçinin ilk dəfə Avropa tərəfdaşlarının anbarlarından raketlər almağa başlayıb.
Fyodorovun sözlərinə görə, bu, kifayət deyil, çünki gecə Rusiya 500-ə yaxın zərbə dronu, həmçinin 25-i ballistik və ya hipersəs olmaqla, 77 raket tətbiq edərək Ukraynaya ən böyük hücumlardan birini həyata keçirib. Onların əksəriyyətinin ələ keçirilməsinə baxmayaraq, zərbələr 20-dən çox insanın həyatına son qoyub və Ukraynanın mülki infrastrukturuna ciddi ziyan vurub.













