Adil Əliyevdən Elton Məmmədova anlamlı mesaj
“Ağıllı oxucu hansı saytın və qəzetin kimə xidmət etdiyini gözəl bilir”
Deputat Adil Əliyev həmkarı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı məlumatların yayılmasından adının hallanmasına münasibət bildirib. Qeyd edək ki, bu barədə məlumat “Azadlıq” qəzetinin bu günki sayında dərc edilib. Həmin məlumatda bildirilir ki, oğlu barəsində dərc edilən materialları kampaniya hesab edən Elton Məmmədov bu məsələdə Adil Əliyevdən şübhələnir. Adil Əliyev isə bu barədə facebook səhifəsində yazıb: “Bu gün “Azadlıq” qəzetinin yaydığı bir məlumat məni bu statusu yazmağa vadar etdi. Guya Elton Məmmədovun oğlunun video görüntülərinin yayılmasında həmkarım məndən şübhələnir. Əvvəllər də bu kimi məsələlərdə bəzi tanıdığım insanlar məndən şüphələnirdilər. Hesab edirdilər ki, əgər bəzi saytlar onlar barəsində nə isə yazıblarsa, deməli günahkar Adil Əliyevdir.
Əvvəla bəyan edirəm ki, mənim jurnalist dostlarım çoxdur və bunu normal hesab edirəm. Və bəyan edirəm ki, mənim heç bir saytım və qəzetim yoxdur. O ki qaldı hər hansı bir məlumatın ötürülməsinə, bir dəfə demişdim, yenə də deyirəm. Əgər mənim sözüm varsa, mən sözü kişi kimi adamın üzünə deyirəm, dalınca danışmıram.
Məlumat ötürmək bizlik deyil….Ağıllı oxucu hansı saytın və qəzetin kimə xidmət etdiyini gözəl bilir”.
Bu məlumatla bağlı Elton Məmmədovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Bununla belə deputatın da mövqeyini dərc etməyə hazırıq.