“AFB Bank” ASC 2024-cü ili 4 milyon 578 min manat xalis mənfəətlə başa vurub.
Yenicag.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,2% və ya 3 milyon 74 min manat azdır. Belə ki, bank 2023-cü ili 7 milyon 652 min manat mənfəətlə başa vurmuşdu.
“AFB Bank” ASC-nin faiz gəlirlərinin dəyəri 22 milyon 472 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 1,3% və ya 305 min manat çoxdur. Bankın qeyri-faiz gəlirlərinin dəyəri isə 9 milyon 167 min manat olub ki, bu da illik müqayisədə 12,2% və ya 1,003 milyon manat çoxdur.
2023-cü ildə bankın qeyri-faiz gəlirlərinin dəyəri 8 milyon 164 min manat təşkil edib.
“AFB Bank” ASC-nin faiz xərclərinin dəyəri 5 milyon 672 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 13,6% və ya 683 min manat çoxdur. Bankın qeyri-faiz xərclərinin dəyəri 20 milyon 747 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 10,7% və ya 2 milyon 5 min manat çoxdur.
Bankın aktivlərinin həcmi 295 milyon 167 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 10,7% və ya 35 milyon 500 min manat azdır. 2023-cü ildə bankın aktivlərinin dəyəri 330 milyon 667 min manat təşkil edib.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 12,8% və ya 32 milyon 48 min manat azalaraq 217,951 milyon manata düşüb. 2023-cü ildə bankın öhdəliklərinin dəyəri 249 milyon 998 min manat təşkil edib.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “Bank of Baku” ASC-nin 31,11 %-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur./valyuta.az
www.yenicag.az