!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afrikanın mərkəzi QAN GÖLÜNƏ ÇEVRİLDİ – Konqoda nə BAŞ VERİR?

!Reklam – Yazi

Yanvarın 25-dən etibarən Afrikanın mərkəzində – Konqo Demokratik Respublikasında (Konqo DR) 23 Mart Hərəkatı (M23 Hərəkatı – red.) ilə hökumət qüvvələri arasında aktiv döyüşlər davam etməkdədir.

Yenicag.az xəbər verir ki, Ruanda Müdafiə Qüvvələri tərəfindən dəstəklənən M23 Hərəkatı artıq ölkənin şərqində yerləşən Şimali Kivu vilayətinin inzibati paytaxtı Qoma şəhərinin 60%-ni ələ keçirib.

Bəs, yaxşı, kimdir bu M23 üsyançıları? Ümumiyyətlə, Konqo Demokratik Respublikasında nə baş verir?

Öncəliklə, onu deyək ki, M23 üsyançıları Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində fəaliyyət göstərən qruplaşmadır və əsasən, tutsi millətinin üzvlərindən formalaşıb. Qruplaşmanın Ruanda və Uqanda tərəfindən dəstəkləndiyi bildirilir. M23 ilə hökumət qüvvələri arasında 4 aprel 2012-ci il və 7 noyabr 2013-cü il tarixləri arasında əvvəllər də iki böyük silahlı qarşıdurma baş verib. Hətta 20 noyabr 2012-ci ildə M23 üsyançıları 1 milyon əhalisi olan Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərini nəzarətə götürmüşdü. Lakin hökumətin qeyri-mütəşəkkil əks-hücumunu dəf etdikdən və bəzi əlavə qazanclar əldə etdikdən sonra M23 üsyançıları özbaşına Qomadan geri çəkilməyə razılaşmış və dekabrın əvvəlində şəhəri tərk etmişdilər.

24 fevral 2013-cü ildə isə 11 Afrika ölkəsi regiona sülh gətirmək üçün nəzərdə tutulmuş saziş imzaladı. 2013-cü ilin oktyabrında Konqo DR BMT-yə bildirmişdi ki, M23 üsyançıları Ruanda yaxınlığındakı kiçik bir əraziyə geri çəkildikdən sonra faktiki olaraq fəaliyyətlərini bitiriblər.7 noyabr 2013-cü ildə isə BMT-nin dəstəklədiyi hökumət qüvvələrinin hücumu zamanı ağır məğlubiyyətlərdən sonra M23 üsyançıları Uqanda ərazisinə keçərək təslim olduğunu bəyan etmişdilər.

Xatırladaq ki, üsyan 2003-cü ildə İkinci Konqo müharibəsinin başa çatmasından sonra bölgədə davam edən döyüşlərin bir hissəsi idi. Münaqişə 2021-ci ilin sonlarında üsyançı “general” Sultani Makenqa və 100 üsyançı döyüşçünün sərhəddəki Bunaqana şəhərinə hücumundan sonra yenidən alovlansa da, bu addım yekunda uğursuzluqla nəticələnmişdi. Bir neçə ay sonra isə daha böyük bir qüvvə ilə M23 üsyançıları hücuma keçərək Bunaqananı yenidən ələ keçirmişdilər. 2022-ci ildən etibarən isə üsyançılar genişmiqyaslı hücumlar həyata keçirərək strateji əraziləri nəzarətə götürüblər.

Son günlərdə Qoma və ətrafındakı vəziyyətin gərginləşməsinin əsas səbəblərindən biri də məhz budur. Hökumət qüvvələrinin dəstəklədiyi “Vazalendo” hərəkatı M23-ə qarşı müqavimət göstərməyə çalışsa da, üsyançılar şəhərin böyük hissəsini nəzarətə götürə bilib. Sözügedən döyüşlər nəticəsində minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və hazırda bölgədə ciddi humanitar böhran hökm sürür.

Beynəlxalq ictimaiyyət, o cümlədən BMT və Afrika Birliyi tərəfləri döyüşləri dayandırmağa və diplomatik həll yollarına üstünlük verməyə çağırır. Bununla belə, Konqo DR hökuməti üsyançılarla kompromisə getmək niyyətində olmadığını bildirir ki, bu da münaqişənin yaxın gələcəkdə daha da dərinləşəcəyini göstərir.

Rafi Müslümov

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv