Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Yenicag.az xəbər verir ki, müğənninin Qırğızıstanda çəkildiyi iddia olunan videosu onun istintaqı davam etdiyi halda ölkədən necə çıxması barədə müzakirələrə səbəb olub.
Müğənninin vəkili Asim Abbasov saytımıza açıqlamasında iddialara aydınlıq gətirib.
Vəkilin dediyinə görə, yayılmış görüntülər köhnə kadrlardır: “Ağadadaş Ağayev ölkəni tərk etməyib, Bakıdakı evindədir. Öz sənəti ilə məşğuldur”, – vəkil bildirib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam edir.
www.yenicag.az