Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Ağdam boşaldılmışdı, maşınla bazara qədər irəlilədik, ancaq…” - Keçmiş “kombriq”lə MÜSAHİBƏ – III hissə

“Sürət Hüseynov mənə dedi ki, sabahdan sən general paqonları taxmalısan”.

Əvvəli burada – “Döyüş gedir, artilleriyanı isə Bakıya, parada göndərmişdilər”

– Deməli, gəldiniz Lənkərana….

– Gəldik Lənkərana. Xəbər aldıq ki, əvvəl götürdüyümüz mövqelərin hamısı yenidən itirilib. Bizim 820 saylı hərbi hissəmizin bazasında 704 saylı briqada yaradıldı. Bir həftə hazırlıq aparandan sonra Ağcabədi Beyləqan istiqamətinə yola düşdük.

– Ağcabədi-Beyləqan cəbhəsində vəziyyət necə idi? Nə baş verirdi?

– Elə bil, Qarabağ əvvəlcədən ayrılmışdı. Biz Laçın dəhlizinə gedəndən sora 702-nin komandiri Emil Qasımov bizim taktikamız əsasında iki batalyonla Xocavəndə hücum edib. Nəticədə çox sayda canlı qüvvə və texnika itirilir. Bundan başqa, oktyabrın 2-də Əmralılar, Muğanlı, Kurapatkin kəndləri ermənilər tərəfindən işğal edilir. Orada itkilərimiz çox olur. Əsir düşən əsgərlərimizi kilsədə dar ağacından asmışdılar. Bunu mən özümdən demirəm, Beyləqan batalyonunun uşaqları danışırdı.

Noyabrın axırında məsul şəxs kimi, Ağcabədi-Beyləqan ərazisinə gəldim. Həmin ərazi açıq zona idi. O ərazilər hər an düşmən hücumuna məruz qala bilərdi, yeni ərazi itkiləri ilə üzləşməyimiz real idi. Bunun qarşısını almaq üçün ilk növbədə mövqeləri irəli çəkmək tələb olunurdu. Hücum edərək, Qızılqayanı götürdük. Daha sonra Daştəpədəki postlarımızı Nərgiztəpəyə qədər irəli çəkdik. Laçın dəhlizindəki əməliyyatlardan sonra döyüşə hazır vəziyyətdə olan 700 əsgərimiz vardı. Onları Kəlbəcərə göndərmək əmri aldım. Bu, mənim üçün güllələnməyə bərabər hadisə oldu. Həmin əsgərlərə özümün komandirlik etməli olduğumu desəm də, icazə vermədilər. Bildirdilər ki, ora Güloğlan Bağırov təyin edilib. Həmin 700 əsgər Kəlbəcər işğal edilənə qədər orada döyüşdü, çoxu şəhid oldu.

– 700 əsgər Kəlbəcərə göndərildikdən sonra nə etdiniz? Necə yerləşdiniz?

– Mənə tapşırıq verilmişdi ki, Ağcabədi və Beyləqan cəbhələrini möhkəmləndirək. Briqadamızda demək olar ki, əlavə qüvvə qalmadığından, bu istiqaməti yerli batalyonlar hesabına qorumalı idik. Postlarda onlar durmalı idilər. Bizdə ancaq artilleriya, tank, rabitə və kəşfiyyat qüvvələri var idi. 704 saylı briqada komplektləşdikdən sonra polkovnik İsa Qasımov ora komandir təyin edildi. Mən isə həm onun müavini, həm də Ağcabədi və Beyləqan cəbhəsi üzrə cavabdeh şəxs idim. Əmr verdilər ki, yerlilərdən ibarət batalyonlar yarat, hazırla və möveqeləri müdafiə et. Bu işdə Beyləqanın polis rəisi Rövşən Heydərov bizə kömək etdi. Ümumiyyətlə, Beyləqanla bağlı heç bir problemimiz olmadı. Oranın polis rəisi, ondan başqa batalyon komandiri təyin etdiyim Akif Həsənov, müavini Paşa, bölük komandirləri Zakir, Məlik və İsanın bizə çox köməyi dəydi. Çox gözəl kollektiv idi və onları tez zamanda hazırlaya bildik. Lakin Ağcabədidə çox problemimiz oldu. Orada batalyon yaratmaq çətin idi. Ağcabədi icra hakimiyyəti başçısının muavini Şükür İsmayılov, Tofiq Cəfərov və digər şəxslərlərlə gecə-gündüz yatmırdıq, əsgər yığırdıq, onları hazırlayırdıq. Axırda kəndlərə gedib, əhali ilə görüşdük və yeni bölüklər yarada bildik. Bundan əlavə, Xocavənd rayonunda polislərdən ibarət bir bölük də yardıldı. O zaman Astara batalyonu dağ şəraitində aparılacaq döyüşlərə hazırlanırdı. O batalyonla bağlı əmri fevralın 5-də aldıq. Onsuz da sual verəcəksiniz ki, bu hazırlıqlardan sonra niyə yenə məğlub olduq? El deyimi ilə desək, doğrudan da, it yiyəsini tanımırdı.

Ermənilər o ərəfədə bir neçə dəfə hücuma keçdilər. Döyüş hazırlığı keçməyən əsgərlərlə bu hücumların qarşısını almaq çətin olurdu. Buna görə də, İsa Qasımovla qərara gəldik ki, təlimləri genişləndirməliyik. Dağ şəraitində təlim üçün yerli bölükləri bir-bir Astaradakı dağ poliqonununa göndərirdik. Onlar yarım təlim keçib, geri qayıdırdılar, sonra digərləri, proses bu ardıcıllıqla davam edirdi.

May ayından etibarən, Kəlbəcərdən sağ qayıdan qüvvələri tədricən bu istiqamətdə yerləşdirirdik. Bundan əlavə yeni çağırışçılar hesabına hərbi hissəni komplektləşdirib, onlara təlim keçdikdən sonra döyüş bölgəsinə göndərirdik.

Aprel ayında geniş bir əməliyyatımız oldu. O vaxt müdafə naziri Dadaş Rzayev, korpus komandiri isə Rafiq Ağayev idi. Məni rabitəyə çağırdılar. Dedilər, ermənilər Füzulinin 4 kilometrliyinə yaxınlaşıblar, təcili köməyin lazımdır. Cavab verdim ki, mən öz istiqamətimdən hücuma keçəcəm, ermənilər məcbur olab o səmtə çəkiləcəklər. Dedilər, o halda ermənilərin hücumunu heç olmasa, 10 saat dayandırmaq lazımdır. Axşam bütün komandirləri, o cümlədən, həmin rayonların hərbi və mülki polis rəislərini, icra başçılarının müavinlərini müşavirəyə topladım. Yazılı əmrlər verildi, hamısının vəzifəsi müəyyənləşdi. Səhər tezdən hücuma keçdik. Əsas məqsədimiz Qızılqaya və Karaçuk yüksəkliklərini ələ keçirmək idi. Bu yüksəklikləri ələ keçirdik. Bundan sonra ermənilər əsas qüvvələrini bizim üstümüzə göndərdilər. Beyləqan batalyonu başda Akif Həsənov olmaqla, böyük qəhrəmanlıq göstərdi. Ondan sonra yeni hücum başladı və erməniləri Füzulidən 21 kilometr uzaqlaşdırdıq. Bu əməliyyata görə mənə pul mükafatı da verdilər.

– Ancaq yaya doğru vəziyyət kəskin dəyişdi. Bir neçə rayonun işğal edildiyi avqust ayında konkret nə baş verdi?

– İyun ayının 12-də genaral Ağayev mənə zəng vurdu ki, təcili Ağcabədinin Qonaq Evinə gəl. Oraya gələndə dedi ki, ermənilər Mərzili, Yusifcanlı, Qiyaməddinli kəndlərinə giriblər. Sənin köməyin lazımdır. Bizdə Yaşar Şükürov adlı batalyon komandiri var idi, ona 4 BMP verərək, kəşfiyyat bölüyü ilə birlikdə ora göndərdim. Özüm Qiyaməddinli kəndinə gəldim. Koordinatları verdim, artileriya ilə vurduq. Xocavənd istiqamətindən gələrək o kəndlərə girən erməniləri geri oturtduq.

İyul-avqust aylarında cəbhədə vəziyyət gərginləşməyə başladı. Ermənilər bir çox istiqamətlərdə hücuma keçdilər. Bizim mövqelərə olan hücumları dəf etdik. O günlərdə Beyləqan batalyonunun komandiri Akif Həsənov mənə məlumat verdi ki, sol istiqamət boşalıb. Getdim ora. Məlum oldu ki, o mövqeləri, qorumalı olan ərazini, tərk edib. Bundan başqa, sərhəd qoşunlarının iki batalyonu da mövqelərini tərk edib getmişdi. Üzləşdiyim bu vəziyyyət məni dəhşətə gətirdi. Zəng vuraraq, bu barədə müdafiə nazirinə və Baş Qərargahın rəisi Səfər Əbiyevə məruzə etdim. Həmin dövrdə Göytəpədə bir batalyon da təlim keçirdi. Onların təcili cəbhəyə gətirilməsi üçün andiçmə mərasimini tezləşdirdim. Özüm oraya getdim. Həmin qüvvələr ayın 16-da Avşar kəndinə gəldilər. Ayın 18-də isə Nəcməddin Sadıqov dedi ki, Füzuli istiqamətində vəziyyət gərginləşib, köməyin lazımdır. Dedim, gərginləşmə normaldır. Çünki ermənilər Xocavənddə cəmləşirlər. Soruşdu ki, nə etmək lazımdır? Dedim, hücuma keçmək və bir neçə vacib yüksəklikləri ələ keçirməliyik. Nəcməddin Sadıqov, Astara batalyonunun komandiri Əjdər Qurbanov və mən xəritədə plan cızdıq. Dedim, bunun üçün cəbhə komandanı olan Zaur Rzayevdən icazə almaq lazımdır. Gəldik onun yanına. Zaur Rzayevə məruzə etdim ki, hücuma keçmək lazımdır. İstiqamətləri də göstərdim. Dedi, mən razıyam ancaq müdafiə nazirindən icazə almalıyıq. Nazirliyə zəng etdi və Səfər Əbiyevə plan haqqında məlumat verdi. Əbiyev sonra Nəcməddin Sadıqovla və mənimlə də danışdı. İnformasiyanı verdim. Dedi, mən sizinlə razıyam, ancaq gərək nazirdən razılıq alım. 15 dəqiqə sonra zəng edəcayini bildirdi. Oturub gözlədik. 20 dəqiqə sonra zəng gəldi. Əvvəl mənimlə danışdı. Dedi, Mikayıl, plan gözəldir, ancaq mənim yazılı əmrimi gözlə. Sonra Zaur Rzayev və Nəcməddin Sadıqovla danışdı. Hamı bir-birinə təəccüblə baxırdı. Çünki vəziyyət çox gərgin olsa da, yazılı əmr məsələsi ortaya atılmışdı. Elə oldu ki, biz ayın 19-da hücuma keçməli idik, lakin buna icaza vermədilər. Ayın 20-də ermənilər yenidən hücuma keçdilər. Hansı mövqeləri götürmək istəyirdiksə, o istiqamətdən 17 tankla hücum etdilər. Beyləqan batalyonu mühasirəyə düşdü. Bizim güclü müqavimətimiz nəticəsində ermənilər geri çəkildilər. Hiss elədik ki, burada nə isə qaranlıq məsələlər var.

Səhər tezdən yanımda Mdafiə Nazirliyinin nümayəndəsi polkovnik Məhərrəm Cahangirov də vardı. O, dedi ki, ermənilər hücuma keçsələr də, sonra geri çəkildilər, bu qədər qüvvə ilə geri çəkilmələri anormallıqdır. Bunu deyib getdi döyüş zonasına. Mən də özüyeriyən artilleriyaları gizlətdim, düşdük dərəyə. Elə bil ermənilərə demişdilər ki, komandirlər qabaqdadır. Onlar da böyük qüvvə ilə hücuma keçdilər. Əsas zərbə Beyləqan və Astara batalyonlarının yerləşdikləri əraziyə endirildi. Təsəvvür edin, bizim artilleriya bir erməni tankını vurduqca, onlar da bizim top və “zenitka”ları, tankları dəqiq atəşlə vurub sıradan çıxarırdılar. Bu qədər şiddətli döyüş gedirdi. Polkovnik Məhərrəm Cahangirov iki dəfə yaralanmışdı. Ona dedim, mənim maşınımı götür, özün sür, çıx buradan. 3 helikopter veriblər, onları qaldır, bir də artilleriyaya əmr ver, ərazini vursun. Məhərrəm Cahangirov helikopterləri qaldırdı, amma artıq düşməni geri çakilməyə məcbur etmişdik. Qumbara götürmüşdüm, tankın üstünə gedirdim. Mikayıl Nəzərov adlı komandir vardı, gördü ki, mən əlimdə qumbara tankın üstünə gedirəm. Düşmənin tankını tank əleyhinə qumbaraatanla vurdu, ikinci tank isə onu vurdu, özü və əsgərləri şəhid oldu. Bu formada 5-6 saat döyüş getdi. Akif Həsənovun üstünə tank gəlirdi, mənə dedi ki, o tankı vurmaq lazımdır. Tanka əmr verdim vursun, ancaq mərmi açılmadı. Belə olduqda, tanka “taran” əmri verdim. Tanklar bir-birinə çırpılıb partladı, uşaqlar şəhid oldular. Belə şeyləri ancaq kinolarda görə bilərsiniz. Özümü ehtiyatda olan qüvvələrə çatdırdım. Güloğlan Bağırovun batalyonu ilə əks hücuma keçdikdən sonra düşmən geri çəkildi. İşarə verdim, helikopter geri çəkilən düşmən qüvvələrini vurdu. Ermənilər orada çox sayda itki verdilər. Bizim də itkilərimiz az olmadı. Döyüşdən sonra Səfər Əbiyev zəng vurub təşəkkür etdi. Bütün zabit və əsgərlərin siyahısını istədi ki, mükafat verilsin. Bu hadisə avqustun 21-də olub. Avqustun 22-də yenə cəbhə xəttinə çıxıb yoxladım. Otuz yeddi şəhidimiz vardı. Onların dəfni üçün tapşırıqlar verdim. Tank batalyonunun komandiri Mehman Qafarov da şəhid olmuşdu. O döyüşdə Əjdər Qurbanov, Miramin Abdullayev, Məhərrəm İsmayılov, Güloğlan Bağırov, Yaşar Şükürov və digərləri əsl komandirlik bacarıqlarını nümayiş etdirdilər. Avqustun 23-də Səfər Əbiyev məni Lənkərana göndərdi. Dedi, Vahid Musayev oradadır. Beyləqan polis rəisi ilə razılaşdıq ki, əgər ermənilər qəfil hücum etsələr, təcili mənimlə əlaqə yaratsın. Yolboyu polis şöbələrinə xəbər versin, onlar da mənə çatdırsınlar. Həmin axşam gəldim Lənkərəna və həbs olundum. Qardaşım, polkovnik-leytenant Cəmil Hacıyev cəbhə xəttində idi. Onu da avqustun 28-i axşam cəbhə xəttində həbs etdilər. Bizim qüvvələr bir nəfər kimi döyüş mövqeyində olub. 704-cü briqadanın döyüş mövqeyini tərk etməsi haqda iddiaların hamısı uydurmadır, yalandır.

– Ağdamın işğalı ilə bağlı nə deyə bilərsiniz?

– Avqustun 3-də məni Lənkərana çağırdılar. Həmin dövrdə bütün nazirlər Lənkəranda idi. Baş nazir Sürət Hüseynov da gəlmişdi. İclasda iştirak etməmişdim. Sürət Hüseynov özü xahiş etmişdi ki, məni görmək istəyir. Ağcabədidən gəldim Lənkərana. Ziyafətdə iştirak etdim. Orada təklif olundu ki, mənə general rütbəsi verilsin. Sürət Hüseynov mənə dedi ki, sabahdan sən general paqonları taxmalısan. Dedim, mən hərbçiyəm, əmr verilməsə, general paqonu taxa bilmərəm. Bu barədə o vaxt prezidentin səlahiyyətlərini icra edən Heydər Əliyevə də məruzə etdilər. Hamı məni təbrik edirdi. Ondan sonra xüsusi məxfi görüş oldu. Sürət Hüseynov, Əlikram Hümbətov və mən qalxdıq ikinci mərtəbəyə. Sürət Hüseynov dedi ki, Ağdamda vəziyyət çox gərgindir. Ağdama köməyə getməlisən, əlindən gələni et. Dedim, baş üstə. Ağdam artıq iyulun 23-də işğal edilsə də, vəziyyət yenə gərgin idi. Mənə verilən tapşırığa əməl etmək üçün avqustun 4-ü axşam kəşfiyyat uşaqlarımı götürüb Ağdama getdim. Bizi yolda postda duran əsgərlər saxladılar. Onlara dedim ki, tapşırıqla buradayam və bütün məsuliyyəti öz üzərimə götürərək, irəli gedirəm. Razılaşdılar. Əvvəl özüm vəziyyəti öyrənməyə çalışdım. Daxili qoşunların əvvəlki idarəsinin yanına gəldim. Orada heç kim yox idi. Mart ayında Şelli, Papravənd, Qalayçılar istiqamətindəki döyüşlərdə iştirak etmişdim. May ayında Əskəran və Naxçıvaniki Fred Asifin əsgərləri ilə götürmüşük. Yəni Ağdamı çox yaxşı tanıyırdım. Ağdam boş idi. Nə ermənilər var idi, nə də bizimkilər. Təcili qayıtdım geriyə. Avqustun 5-i səhər tezdən Zaur Rzayevə məruzə elədim. Dedim, Ağdam boşdur. İcazə ver bir batalyon götürüm gedib oturum orada. Dedi, sən ora getsən, bəs Ağcabədi istiqamətini kim müdafiə edəcək, ermənilər Ağcabədiyə girə bilərlər. Bizim yanımızda onun qərargah rəisi var idi – polkovnik Nüsrət Namazov. Əvvəllər Qubadlı briqadasının komandiri olub. Sonra onu Sürət Hüseynov həbs etdirmişdi. Ona əmr etdi ki, təcili Bərdəyə – 709 nömrəli hərbi hissəyə gedirsən və onları geri qaytarırsan. Namazov isə dedi ki, mən Mikayılla ölümə də gedərəm, ancaq 709-a, o başıpozuqlara başçılıq etməyəcəm. Onda Zaur Rzayev hirsləndi. Dedi, yaxşı, özüm gedirəm. Mənə də tapşırıq verdi ki, öz mövqeyində ol, ancaq Ağdam istiqamətində hərəkət etmə. Zaur Rzayev getdi, 709-u bir neçə gündən sonra geri qaytara bilmişdi. Lakin artıq ermənilər Ağdamda möhkəmlənmişdilər.

– Siz Ağdamda – şəhərin özündə hara qədər getmişdiniz?

– Bazara qədər.

– Neçə nəfər idiniz? Şəhərə hansı tərəfdən daxil ola bildiniz?

– 3 nəfər kəşfiyyatçı ilə Ağdamın qərb hissəsindən getdik. Orada əvvəllər dənizçilər qalırdılar. Postda mənə dedilər ki, olmaz, qabaqda ermənilər var. Özümü təqdim etdim və məsuliyyəti üzərimə götürdüyümü bildirdim. Sonra UAZ-la getdim Ağdama. Bazara qədər irəlilədim.

4 iyun hadisələri zamanı Fəhmin Hacıyev Daxili Qoşunların bir bölüyünü Gəncəyə göndərmişdi. İyulun sonlarında 709 saylı briqda da oranı tərk etmişdi. Yəni Ağdam bu şəkildə boşaldılmışdı.

Mən avqustun 23-də həbs olunana qədər ermənilər ayın 29-na kimi Füzuli istiqamətində irəliləyə bilmədilər. Onlar Füzuliyə yalnız avqustun 29-da girməyi bacardılar. Yalandan deyirdilər ki, daha əvvəl giriblər. Bu, doğru deyil.

– Sizin həbsinizin əsas səbəbi qondarma “TMR” ilə bağlı idi. Maraqlıdır, necə olur ki, cəbhə zonasında ola-ola, bu məsələdə ittiham edildiniz?

– Mən cəbhə bölgəsindən yalnız əmr aldıqda, çıxırdım. İsa Qasımovun dövründə 1992-ci ilin dekabrından 1993-cü ilin iyununa qədər Lənkəranda bir nəfər əsgər də hazırlanmayıb. Olan qüvvələr də Kəlbəcərə göndərilmişdi. Öz gücümüzə, yerli polis rəislərinin batalyon komandirlərinin gücünə o mövqeləri qoruyub saxlamışıq. 704 saylı briqada demək olar ki, məhvə məhkum edilmişdi. İsa Qasımov sanki briqadanı dağıtmaq üçün gəlmişdi. Əsgərlərin böyük hissəsi Kəlbəcərdə şəhid oldu. Texnika da məhv edildi, 7 tank, 12 PDM yoxa çıxdı. İsa Qasımovdan həmin texnikaların yerini soruşanda, deyirdi, Bakıya təmirə göndərmişəm. Bakıya, nazirliyə zəng vurdum, dedilər ki, xəbərimiz yoxdur, beləcə, o qədər texnika iynə kimi yoxa çıxdı. Axı bu briqadanın tərkibində təmir bölüyü var idi. SSRİ-nin Lənkəranda yerləşdirdiyi diviziya 2-3 günə İranı tapdalayıb keçərdi. O arsenalın hamısı bizə qalmışdı. Qasımovu cəmi bir dəfə cəbhə xəttinə çıxara bilmişdik, həmişə Lənkəranda otururdu.

– Beləliklə, Sizi avqustun 23-də Lənkərana çağırdılar…

– Bəli. 23-ü getdim Lənkərana. Ayın 24-də andiçmədən sonra Astara batalyonunun gənc əsgərlərini cəbhəyə çıxarmalı idim. Səfər Əbiyev mənə zəng vurub dedi ki, Vahid Musayev Lənkərandadır. Sən orada lazımsan. General Musayev o vaxt müdafiə naziri vəzifəsini müvəqqəti icra edirdi. Deməli, plan cızılmışdı. Yaza da bilərsiniz. Əvvəlcə bizi məhv etmək üçün dəqiq yerimizi ermənilərə xəbər vermişdilər. Ancaq sona qədər döyüşdük, sağ çıxdıq. Sonra Lənkəran məsələsini düzüb-qoşdular. Çünki məni döyüş bölgəsində həbs edə bilməzdilər.

– Lənkəran hadisələri zamanı orada olmusunuz?

– Gecə ilə gəlmişəm hərbi hissəyə. Kabinetimdə mən, Əlikram Hümbətov və Vahid Musayev olub. Musayeva məruzə edərək, Hümbətovdan nə baş verdiyini soruşdum ki, bura hərbi hissədir, burda nə işin var? Dedi, məni Vahid Musayev dəvət edib. Soruşdum ki, bəs nə baş verir? Dedi, camaat məni İcra Hakimiyyətinin binasından qovub, özləri də hərbi hissəyə hücum etmək istəyirlər. Çıxdım, Musayevin yanında əhali ilə söhbət etdim. Orada mənə dedilər ki, komandir, bəs deyirdilər sən ölmüsən. Hətta ailə üzvlərim də elə biliblər ki, son döyüşlərdə həlak olmuşam və mənə yas saxlayıblar. Bundan sonra camaat dağıldı, biz də qayıtdıq kabinetə. Çay içirdik, birdən atəş səsləri eşidildi.

– Sizi “TMR”nın müdafiə naziri elan ediblər və siz də orada çıxş edibsiniz…

– Xalq məclisi gedirdi, orada çıxış etmişəm, cəbhədə nə baş verdiyini, Ağdamın xaincəsinə təslim edilməsindən danışmışam. 4 iyun hadisələrindən sonra ölkədə faktik vətəndaş müharibəsi gedirdi. Ancaq mənim olduğum ərazidə belə şeylər baş verməyib. Avqustun 7-də tribunaya çıxmışam və bildirmişəm ki, biz öz üzərimizə düşən vəzifəmizi yerinə yetirmişik, bizim yerimiz cəbhədir va cəbhədə olmuşam.

– Öz üzərinizə düşən deyəndə, nəyi nəzərdə tuturdunuz?

– 4 iyun hadisələrindən sonra bir çox bölgələrdə çaxnaşma olmuşdu. Mən isə Lənkəranda ictimai asayişi tənzimləmişəm. Lənkəran Hərbi Qarnizonunun rəisi idim, istər-istəməz, bu, mənim vəzifə borcum idi. Bu, o demək deyildi ki, mən Lənkərənda oturmalıydım, bunun üçün Qarnizonun hərbi komendantı var idi. Özüm əsasən, cəbhədə olmuşam.

– Daha aydın…

– Bizdə məlumat var idi ki, cənub bölgəsinə hərbi qüvvələr yeridiləcək. Sürət Hüseynovun qüvvələri Salyana qədər gəlmişdi. Biz onları körpüdə qarşıladıq və danışıqlar apardıq. Sabitlik tam təmin edilmişdi və hərbi vəziyyət elan olunmuşdu. Avqustun 7-dəki çıxışımda dedim ki, biz öz üzərimizə düşəni etdik və qayıdırıq cəbhəyə.

– Bayaqkı sözünüzə qayıdaq, atəş səsləri eşitdiniz və…

– Hərbi hissədə mühafizə qrupu var idi. Onlardan başqa heç kim olmayıb. Hərbi hissəyə basqın olarkən, əsgərlər havaya atəş açıblar. Bundan məharətlə istifadə edərək, təxribat yaratmışdılar. Camaatı arxadan vurmuşdular. Mühafizə qrupunda ancaq işıqsaçan 5.45 çaplı güllələr idi. Ancaq adamlara atılan patronlar 7.62 idi. Məhkəmədə tam sübuta yetirildi ki, hərbi hissədən əhaliyə güllə atılmayıb. Darvazalara dəyən güllələrin açdığı deşiklərin istiqaməti də atəşin çöldən açıldığını təsdiqləyirdi. O iş üzrə dövlət ittihamçısı prokurur Aslan Kəlbəliyev idi. O, mənə tam bəraət verdi. Qanunsuz atəş əmrinin verilməsində, insan ölümü, silahlı dəstə yaratmaq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirdim. İlk 3 maddə üstümdən götürüldü. Vəzifə səlahiyyətini aşmaq ittihamını da yenidən araşdırmaq üçün istintaqa qaytardılar. Biz bayram edirdik ki, bütün maddələr götürülüb. Lakin məhkəmə prosesi uzadıldı. Hakim Ədalət Məmmədov 5 il qapalı, 15 il isə ümumi rejimlə həbsxanada saxlanmaq üzrə, mənə 20 il həbs cəzası kəsdi. Halbuki prokurur mənə bəraət istəmişdi.

– Necə həbs olundunuz?

– Camaatla danışdıqdan sonra Vahid Musayevlə birlikdə yaxınlıqda olan Lənkəran şəhər İH-nin binasına tərəf getdik. Orada da insanlar var idi. Onların arası ilə keçib İH-nin binasına daxil olduq. İH-nin başçısı Dilruba Camalova, daxili işlər naziri Vaqif Novruzov və milli təhlükəsizlik naziri Nəriman İmranov bizi qarşıladı. Camalova məni görən kimi səmimi görüşüb əlimi öpdü və dedi: ”Komandir, Allaha şükür, siz sağsınız, bizə məlumat verilmişdi ki, döyüşdə həlak olmusunuz”. Oradan hərbi hissəyə qayıtdım.

Səhərə yaxın məni Lənkəran şəhər Polis İdarəsinin rəisi Əlövsət Əliyev öz otağına çağırdı ki, nazir Vaqif Novruzov sizinlə görüşmək istəyir. Mən onun otağına gəldim. Burada Novruzovla söhbətimiz oldu və mübahisəmiz düşdü. Elə orada da həbs olundum.

– Həbsdə nə qədər qaldınız?

– 10 il 5 ay.

– Şablon səslənməsin, döyüşlər yenidən başlayarsa, cəbhəyə yollanarsınız?

– Qarabağ bizim hamımızındır. Qocası da, cavanı da onun müdafiəsində durmalıdır. Bizim milli qəhramanlıqdan, medaldan, ordendən danışmağa haqqımız yoxdur. Çünki torpağımız işğal altındadır. Biz uduzmuşuq. Uduzanın da dili gödək olmalıdır. İnanıram ki, tezliklə bütün işğal altında olan torpaqlarımızı azad edəcəyik. Bunun üçün hər zaman hərbi biliyimi, döyüş təcrübələrimi bölüşməyə hazıram.

Səxavət Məmməd

www.yenicag.az

6713
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM