“Agent adları deyil, arxivlər açılsın” – Millət vəkili

Milli Məclisin deputatı Vahid Əhmədov sabiq MTN-lə əməkdaşlığa cəlb edilmiş tanınmış şəxslərin deşifrə olunmalarına tənqidi yanaşır.

Yeniçağ.Az xəbər verir ki, məhkəmə prosesində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək vəzifə sahiblərinin ölkənin bir sıra tanınmış şəxslərini sözügedən qurumla əməkdaşlığa cəlb etdikləri və buna görə onlara hər ay sabit məbləğdə pul ödənildiyi üzə çıxıb. Keçmiş MTN-lə əməkdaşlıq etdiyi üzə çıxan şəxslər arasında sabiq maliyyə naziri Fikrət Yusifov, mərhum hüquq müdafiəçisi Elçin Behbud, adı açıqlanmayan bir baş redaktor, QHT sədri və başqalarının adı hallanır.

Məhkəmədə “MTN agenti” olduqları bildirilən şəxslərin adlarının çəkilməsi media və sosial şəbəkələrin əsas mövzusuna çevrilib. Gedən müzakirələrin əsas istiqamətlərindən biri isə xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən vətəndaşların adlarının açıqlanmasının doğru olub-olmaması ilə bağlıdır. Məsələ haqqında fikir bildirənlərin əksəriyyəti tanınmış ictimai xadimlərin MTN agenti çıxmasına kəskin və bəzi hallarda ironik münasibət bildiriblər. Başqa bir qism isə o şəxslərin bu şəkildə ifşa edilmələrini səhv olduğunu düşünür.

Mövzu ilə bağlı Yeniçağ.Az-a açıqlama verən millət vəkili Vahid Əhmədov da sabiq MTN-lə əməkdaşlıq etmiş vətəndaşların adlarının faş olunmasını düzgün saymadığını bildirib:

“Bildiyiniz kimi keçmiş MTN əməkdaşlarının məhkəməsində ictimaiyyətə məlum olmayan bir çox sirlərin üstü açılıb. Dediyiniz məsələ, yəni keçmiş MTN-nin əməkdaşlığa cəlb etdiyi o şəxslərin adlarının açıqlanması da həmin qaranlıq məsələlərdən biridir.

Qeyd edim ki, vətəndaşların ölkənin milli maraqları üçün dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməsi normal və zəruri haldır. Yəni sırf milli maraqlar prizmasından baxdıqda, burada heç bir qəbahət yoxdur. MTN-lə əməkdaşlıq edənlərin adlarının bu şəkildə açıqlanmasına gəldikdə isə mən bunu düzgün saymıram.

Haqlı sual yaranır, onlar müəyyən bir müddətdən sonra cəmiyyətə agent kimi tanıdılacaqlarsa, onda nəyə görə əməkdaşlığa cəlb olunurdular? Bundan sonra hətta dövlət marağını əsas tutan vətəndaşlar da xüsusi xidmətlə əməkdaşlıq məsələsində tərəddüd edəcəklər. Yenə deyirəm, bu, doğru deyil.

Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra “KQB” arxivlərinin açılması ətrafında qızğın mübahisələr getdi. Sonda qərara alındı ki, o arxivlər bağlı qalsın. Ayrı-ayrı şəxslərin adlarının açıqlanması nəyə lazımdır? Ondansa, arxivlərin bütünlüklə açılması daha məqsədəuyğundur”.

A.Zeynalov

Yeniçağ.Az