Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin “Türk axını” qaz kəmərinin kompressor stansiyasına hücumu ilə bağlı xəbərlərdən narahatdır.
Yenicag.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bunu Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Enerji infrastrukturuna hər hansı hücum narahatlıq doğurur. Bu barədə Ukrayna tərəfdən heç bir məlumat almamışıq. Biz enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti nəzarətdə saxlayırıq”, – deyə Anna-Kaysa İtkonen vurğulayıb.
Bir müddət öncə Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Avropaya qaz tədarükünü dayandırmaq üçün “Türk axını” boru kəmərinin Krasnodarda yerləşən “Russkaya” kompressor stansiyasına doqquz PUA ilə hücum etdiyini bildirib. Nazirliyin məlumatına görə, hücuma baxmayaraq, kompressor stansiyası normal fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Qara dənizdən keçən və Rusiyadan Türkiyəyə qaz tədarük edən “Türk axını” kəmərinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Kəmər Türkiyə ilə yanaşı, Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edir. Boru kəməri hazırda Rusiya qazının Avropaya tədarükü üçün son aktiv marşrutdur.
Londonun ICE birjasının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin “Türk axını” kəmərinin kompressor stansiyasına hücumu ilə bağlı xəbərlər fonunda Avropada qazın qiyməti bir faiz bahalaşıb./Azertag/
www.yenicag.az