AKİ katibinin yeni direktordan GÖZLƏNTİSİ: “Buna çox ümid edirəm”
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktor təyin olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında yeni təyin olunan baş direktordan gözləntisini dilə gətirib:
“Pozitiv dəyişikliklərə ümid edirəm. Düşünürəm ki, nazirlik rəhbərliyinin yeni direktora daha çox etibarı var və bu agentliyin işində müsbət effekt verəcək. Kinematoqrafçılar ittifaqı olaraq agentliklə tərəfdaş münasibətlərin artacağına ümid edirik. Biz birlikdə ssenari müsabiqələrinin keçirilməsi, festivalların təşkili, az büdcəli film layihələrin və tələbə filmlərinin dəstəklənməsində birlikdə işləyə bilərik.
Sevindirici hal bundan ibarətdir ki, ittifaq bu kadr dəyişikliklərində müjdəçi rolu oynayır. Katiblikdə ondan əvvəl idarə heyətində və sonda “Cinema Talks” (“Kino söhbətləri”) tədbirində gedən müzakirələrin də bu təyinatda rolu var.
Kinematoqrafçılar ittifaqı üçün “Azərbaycanfilm”in durumu prioritetdir. Studiyanın təmiri Rəşad Əzizovun hədəfindədir. Bununla yanaşı, bizim üçün mühüm olan studiyada istehsalın bərpasıdır. İttifaq olaraq ilk növbədə bunu görmək istəyirik”.
Cəvahir