“Prezidentimiz diplomatik xidmətdə olmayan Cahit bəyi səfir təyin etməklə, ona yönəlik etimadını göstərib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı haqda fikirlərini bölüşən Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım deyib.
Şamil Ayrımın sözlərinə görə, Cahit Bağçı iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün əlindən gələni edəcək:
“Öncə onu qeyd edim ki, Cahit bəy diplomatik xidmətdə çalışmayıb. Onun əsas fəaliyyəti təhsil sahəsi ilə bağlı olub. Prezidentimiz diplomatik xidmətdə olmayan Cahit bəyi Azərbaycana səfir təyin etməklə, ona yönəlik etimadını göstərib.
Cahit Bağçı partiyamızın üç dönəm Çorum millət vəkili olub və millət vəkili kimi fəaliyyətində əhalinin böyük rəğbətini qazanıb. O, Azərbaycana yad insan deyil, bir neçə dəfə Bakıda səfərdə olub, o cümlədən, seçkilərin müşahidəsində iştirak edib.
Əminəm ki, Cahit Bağçı ikitərəfli münasibətlərimizin inkişafına təkan verəcək. Ona uğurlar arzulayıram”.
Aqil Bəkir
www.yenicag.az