Deyir, cəmiyyətin qınağına görə bir çox filmlərdən imtina edib. Hansı ki, çəkilməyə razılıq versəydi, bir çox uğurlara imza atmış olardı. Amma sədləri aşa bilmədiyi üçün öz istəklərinə qarşı çıxıb.
Gənc aktrisa Günel Məmmədovanı deyirəm. Onun Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Bir müddət öncə, müsahibəndə demişdin ki, nişanlısan. Bəs toy nə vaxt olacaq?
– Nişanlıyam deyəndə ki, “həriliyəm”. Yəni həyatımda sevdiyim insan var. Sənətimi çox sevirəm və hələ ki, səhnədən ayrılmaq istəmirəm. Sənətimlə bağlı bəzi planlarım var, onları reallaşdırandan sonra, şəxsi həyatım barədə qərarımı verəcəm. Qismət olsa alınacaq, alınmasa da, yenə qismət…
– Azərbaycanda nişan qaytarılmasına yaxşı baxmırlar amma…
– Bu, düzgün fikir deyil. Adam var evlənir, çox qısa vaxtda həyat yoldaşından boşanır. Allah eləməmiş, ərə gedib bədbəxt olmaqdansa, elə bəri başdan ayrılmaq daha məsləhətlidir.
– Sənət adamları öz profillərində fotolar paylaşırlar. Altında xoşagəlməz rəylər, hətta təhqirlər belə yazılır. Belə halla rastlaşanda reaksiyan necə olur?
– Mənim öz çərçivələrim var, amma bəzi məsələlərə radikal yanaşmıram. Elə adam var ki, bir qədər açıq-saçıq fotolarını paylaşır – özü bilər. Baxırsan fotoların altından elə şeylər yazırlar ki, adam dəhşətə gəlir. Niyə insanlarda bu qədər aqressiya var? Biz niyə axı başqalarını bu qədər mühakimə etməyi xoşlayırıq? Həyatda hər şey bumeranqdır, atırsan özünə qayıdır. Pisliyin cavabını özün almasan da, nə vaxtsa övladların ala bilər. Allah uzaq eləsin, uşaqlarının başına elə hadisə gələ bilər ki, nə vaxtsa etdiyin pisliyə görə peşmançılığın çox gec olar.
– Qərbdə insanlar daha çox özlərinə, Şərqdə isə başqalarına hesabat verməklə fərqlənirlər…
– Çox təəssüflər olsun ki, bizdə belə şeylər insanı bezdirir. Avropa deyəndə yalnız mənfi tərəflərini fikirləşirik. Amma onlarda yaxşı cəhətlər də çoxdur. İnsanlar rahat, kiməsə hesabat vermədən yaşayırlar. Biz çox vaxt qonşular, qohumlar, ətrafdakılar üçün yaşayırıq. Normal insan öz həyatını istədiyi kimi yaşamalıdır, kiminsə gözündən pərdə asmaq üçün, yalanlarla dolu ömür sürməməlidir.
– Ümumiyyətlə, kiminləsə hesablaşırsan?
– Mən elə xasiyyətli insanam ki, həyatda anamdan başqa heç kimə hesabat vermirəm. İstər davranışımda, istərsə də geyimimdə. Atdığım addımda da yalnız ailəmizi fikirləşirəm. Valideynlərim mənə qadağa qoya bilər. Çərçivələrim var. “Azadam, sərbəstəm” deyib, necə gəldi yaşaya bilmərəm. Amma sənətdə tam fərqliyəm. Kinoda vizit kartım ola biləcək elə filmlərdən imtina etmişəm ki… Çünki o sərhədləri aşa bilməmişəm. Söz yox ki, gözəl obrazlarda çıxış etmişəm, filmlərə çəkilmişəm, amma daha böyük uğurlara imza ata bilərdim. Qarşımı kəsən maneələr olub.
– Yəni açıq-saçıq səhnələri nəzərdə tutursan?
– Bəli. Axı filmlər də real həyatdan götürülüb. O obrazları filmdə canlandırmaq lazımdır. Məsələ burasındadır ki, bizdə aktrisanın oynadığı obrazı həyatla qarışdırırlar. Anlamırlar ki, o insan səhnədə aktrisadır, həyatda başqa adam. Başlayırlar ki, hə, utanmır açıq-saçıq hərəkətlər edir və s.
– Amma xarici filmlərə baxanda heç aktrisanı qınayan da olmur…
– Əcnəbi filmlərə baxanda deyirlər ki, ay, gör necə gözəl oynayır e. Amma bizimkilərə çatanda ağız büzürlər, deyirlər ki, utanmır, bunu evdən çıxaran hara baxır?
Cəvahir
Foto: Cəmalə
www.yenicag.az