“Kiçik toxunuşlara pis baxmıram, amma hədd aşılanda bayağı və eybəcər görünürlər”.
Bu fikirləri son dövrlərdə xanımlar arasında estetik əməliyyatlar etdirməyin kütləviləşməsindən danışan aktrisa Aydan Ağayeva Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa estetik əməliyyatların əleyhinə olmadığını, lakin əndazənin aşılmasına qarşı çıxdığını bildirib:
“Estetik əməliyyatların əleyhinə deyiləm. Yaşlandıqca, lap elə yaşlanmasan da, anadangəlmə və sonradan yaranan qüsurları aradan qaldırmaq üçün kiçik estetik toxunuşlara ehtiyac var. İstər qadın, istərsə də kişi, fərqi yoxdur, hər kəs baxımlı olmağa çalışmalıdır.
Bəzən qaşları qartal qanadı kimi qaldırırlar, nifrət edirəm o qaşlara. Yaxud da dodağı hədsiz dərəcədə şişirdirlər. Əgər dodağın çox nazikdirsə, azacıq dolğu etdirmək normaldır. Amma üzdə saysız estetik prosedurlar etdirirlər ki, bunun da əleyhinəyəm. Xüsusilə də aktrsialar…
Ekran elədir ki, kiçik estetik əməliyyatı daha da qabarıq göstərir. Həm də belə olan halda obrazın əhval-ruhiyyəsini çatdırmaqda problem yaranır. Üz heç bir emosiya, hiss, həyəcan ifadə edə bilmir. Nəticədə obraz süni təsir bağışlayır.
Adi ev və iş xanımları da bəzən üzlərinə o qədər prosedurlar etdirirlər ki, nəticədə çox bayağı görünürlər. Gözəllik salonlarında elə xanımları görəndə şoka düşürəm ki, yəni bu boyda da dodaq olar? Adam bu hala düşməyi özünə necə rəva görə bilər?
İndi görürəm, kişilər də estetik əməliyyatlarda qadınları geridə qoyur. Rafet El Romanı konsertində gördüm, üzünə o günə qoymuşdu ki… Axı əndazəni bu qədər aşmaq nəyə lazımdır? İnsan yaşlananda da təbii görünməlidir. Kiçik toxunuşlara pis baxmıram, amma hədd aşılanda bayağı və eybəcər görünürlər”.
Cəvahir
www.yenicag.az