“AlJazeera”: "Trampın siyasəti turizmə ciddi zərbə vurub"
“AlJazeera” nəşri ABŞ Prezidenti Donald Trampın ikinci prezidentliyi dövründə verdiyi qərarların ölkə turizminə təsirini təhlil edib.
Yenicag.az xəbər verir ki, məqalədə bildirilib ki, ABŞ-yə xarici turizm son aylarda azalma tendensiyasını davam etdirir.
“Rəsmi məlumatlara görə, 2025-ci ilin iyulunda ölkəyə səfərlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalıb. Son altı ayın beşində turist axınının azalması müşahidə olunub. Ekspertlər bu vəziyyəti prezident Donald Trampın sərt ritorikası, immiqrasiyaya qarşı məhdudlaşdırıcı tədbirləri, xarici mallara tətbiq etdiyi yüksək tariflər və vizalarla bağlı sərtləşdirilmiş qaydalarla izah edirlər. Tramp administrasiyasının bəzi Afrika və Yaxın Şərq ölkələrinə qarşı səyahət qadağasını yenidən tətbiq etməsi, kütləvi immiqrasiya reydlərini artırması və əlavə “viza bütövlüyü haqqı” kimi yeni ödənişlərin tətbiqi ABŞ-ni turistlər üçün daha az cəlbedici edib.
Turizm şirkətlərinin proqnozlarına əsasən, 2025-ci ildə ABŞ-yə beynəlxalq səfərlər 8,2 faiz azalacaq. Bu, əvvəlki proqnozlarla müqayisədə nisbətən yaxşı göstərici olsa da pandemiyadan əvvəlki səviyyədən xeyli aşağıdır. Xüsusilə Kanadadan gələn ziyarətçilərin sayında ciddi azalma müşahidə olunub. Əksinə, Meksikadan gələnlərin sayı artıb. Hindistan və Çin kimi ölkələrdən səfərlərin azalması Trampın sərt siyasətləri, tarif müharibələri və geosiyasi gərginliklərlə əlaqələndirilir. Yaponiyadan və İtaliyadan gələn turistlərin sayında artım olsa da, ümumi tendensiya mənfidir.
Dünya Səyahət və Turizm Şurasının hesabatına görə, ABŞ-də beynəlxalq ziyarətçilərin xərcləri 2024-cü ildəki 181 milyard dollardan 2025-ci ildə 169 milyard dollara qədər enəcək. Bu isə ölkəni araşdırılan 184 ölkə arasında turizm gəlirlərində azalma yaşayacaq yeganə ölkəyə çevirir. Ekspertlər bildirirlər ki, əlavə ödənişlər, siyasi qeyri-müəyyənlik və geosiyasi gərginliklər ABŞ-nin qlobal turizm bazarındakı cəlbediciliyini xeyli zəiflədir”,-deyə təhlil məqaləsində qeyd olunub.
Nəsimi Ələsgərli