ABŞ-İran xəttində iki günlük bombardman: "Bu hələ müharibə deyil, güc nümayişidir"
“Bu müharibə deyil, xəbərdarlıq atəşi idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib.

Şərhçi iki gündür İran və ABŞ arasında gedən bombardman haqqında danışaraq baş verənləri müharibə adlandırmaq üçün tələsməmək lazım olduğunu diqqətə çatdırıb:
“Dünən və iki gün öncə baş verənləri müharibənin üçüncü mərhələsi kimi adlandırsaq, tələsmiş olarıq. Rəsmi olaraq hərbi əməliyyatların başlanması ilə bağlı qərarın verilməsinin şahidi olmamışıq. Bu bombardman bir növ tərəflərin bir-birinə xatırlatma məqsədini daşıyan güc göstəricisidir. Hazırda nə İran, nə də ABŞ cəbhəsində zərbələrin kəsərinin artırılması istiqamətində kəsərli addımın şahidi olmamışıq. Bu, sadəcə bir xatırlatma idi, tərəflər bir-birinə mübarizə aparmağa güclərinin qaldığını göstərməyə çalışırlar. İrəliləyən zamanlarda müharibənin üçüncü mərhələsinin başlanmasının şahidi o halda ola bilərik ki, tərəflərdən biri memorandumda öhdələrinə düşəni etməkdən imtina edəcəklər. Belə olan halda diplomatiyaya yer qalmadığı məlum olduğu zaman müharibə başlaya bilər. İndiki günə qədər tərəflər danışıqlardan rəsmi olaraq imtina etməyiblər. Müharibənin üçüncü mərhələsinin siqnalı verilib, amma hələ gözləmək lazımdır. Danışıqlar arxa plana keçdiyi anda daha yıxıcı, daha fəlakətli üçüncü mərhələnin şahidi olacağıq.”
Nurlan Cəfəri













