"Uşağa "kod ad" qoyurlar ki, cadu tutmasın..." – Bunlar hamısı falçıların, sehrbazların və ekstrasenslərin uydurduğu xurafatdır
Ədliyyə Nazirliyinin açıqladığı son rəsmi statistika cəmiyyətdə maraqlı və bir o qədər də düşündürücü tendensiyanı ortaya çıxarıb. Məlum olub ki, 2023-cü ildən bu günədək ölkədə 9 mindən çox insan doğularkən özünə verilən addan, soyaddan və ya ata adından rəsmən imtina edib. Təkcə ötən il 2723 nəfər ad-soyadını dəyişdiyi halda, 2026-cı ilin ilk 6 ayında artıq 1213 nəfər eyni addımı atıb.
Cəmiyyətdə adın düşər-düşməzliyi və ya ağır gəlməsi kimi kifayət qədər güclü inanclar var. İnsanlar bəzən işləri tərs gedəndə, ruziləri azalanda və ya ağır xəstələnəndə bəxtlərinin açılacağı ümidi ilə adlarını dəyişirlər. Bəs İslamda adın insanın taleyinə, şansına və ruzisinə bu cür fiziki, yaxud mənəvi təsiri varmı, yoxsa bu, sadəcə, bir batil inancdır?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov cəmiyyətdə kök salan bu inancların dində heç bir əsasının olmadığını bildirib:

“Səbəbsiz yerə adın dəyişdirilməsi bizim dinimizdə yoxdur. Ümumiyyətlə, bu, falçıların ortaya atdığı bir iddiadır. Son zamanlar falçılar və cadugərlər iddia edirlər ki, “adınızı dəyişin, guya adınıza cadu edilib, adınızı dəyişib başqa ad götürsəniz, həmin cadu sizə təsir etməyəcək”. Bunların hamısı xurafatdır, xurafat inanclarıdır. Bizim dinimizdə belə bir anlayış yoxdur.
Bu cür addımlar son zamanlar daha da yayılıb və insanları həqiqətən də aldadıblar. Ekstrasenslər, falçılar, cadugərlər elə bir iddia ortaya atıblar ki, uşaq doğulanda iki ad qoyulmalıdır onlardan biri “kod ad” olmalıdır. Güman edirlər ki, birdən cadu olunsa, həmin əməl “kod ada” gedəcək, şəxs isə salamat qalacaq. Yaxud adın düşər-düşməzliyi, işim düz gətirmir, adımı dəyişim kimi fikirlərin hamısı falçıların və cadugərlərin uydurmasıdır.
İşim düz gətirmir, get adını dəyiş deməyin ad dəyişməklə nə əlaqəsi ola bilər? Belə şeylərə inanmağın dinimizdə yeri yoxdur. Bunlar hamısı şarlatanların, falçıların, sehrbazların, ekstrasenslərin və şeytanla əlaqədə olan bu tip insanların ortaya atdığı yanlış iddialardır – deyə ilahiyyatçı bildirib.”
Məsimə Məmmədova













