"Almaniya tezliklə nüvə silahı əldə edə bilər" - Qrossi
Almaniya bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan hər şeyə malikdir.
Yenicag.az xəbər verir ki, bu qiymətləndirməni MAQATE-nin baş direktoru Rafael Qrossi Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində verib.
“Almaniyaya nüvə silahı yaratmaq üçün çox az vaxt lazım olacaq. Bu, aylar məsələsi ola bilər. Almanların bunun üçün lazım olan nüvə materialı var, bunu necə edəcəyini bilirlər. Onların ixtiyarında bütün lazımi texnologiyalar var”, – Qrossi nəşr üçün jurnalistin müvafiq sualına cavab verib.
MAQATE rəhbəri onu da qeyd edib ki, NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) şərtlərinə əməl olunması Avropa ölkələrinin maraqlarına cavab verir.
“Beynəlxalq münasibətlərdə heç bir dövlət, xüsusən də güclü dövlət altruizmi rəhbər tutmur. O, öz maraqlarından çıxış edir. Avropa ölkələri belə nəticəyə gəliblər ki, hər kəsin nüvə silahına sahib ola biləcəyi dünya fəlakətə gətirib çıxaracaq”, – o izah edib.