Amerika İrandakı rejimi DƏYİŞƏCƏK? – “Tramp dünən dediyini bu gün danır”
“ABŞ-nin əsas məqsədi İrandakı teokratik rejimi dəyişməkdir”.
Bu sözləri İranın nüvə proqramı və ABŞ-nin atacağı addımları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ABŞ İranı vurmaq niyyətindədir:
“ABŞ prezidenti Donald Tramp dünən dediyini bu gün danır. Danışıqlar gedir. İddia olunur ki, danışıqlar müsbətə doğru irəliləyir. Ancaq ABŞ prezidenti çıxıb deyir ki, İrana qarşı hərbi əməliyyatlara başlasaq, onu yer üzündən siləcəyik. Donald Tramp ictimai fikri o qədər çaşdırıb ki, onun dediyi sözə inanmaq olmur. ABŞ-nin özündə belə Trampın nə edəcəyini bilən yoxdur”.
“ABŞ-nin əsas məqsədi İrandakı teokratik rejimi dəyişməkdir. Ona görə də nə qədər danışıqlar getsə də, İranın nüvə silahından imtina edəcəyi inandırıcı deyil. İran da çox böyük xərc qoyub, xeyli məsafə də qət edib. Ona görə fasilə versə də, yenidən nüvə silahı ilə bağlı addımlar atacaq. ABŞ-nin hədəfində İranın hərbi obyektləri, rəhbərliyin ofisləri və nüvə mərkəzləridir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd