“Donald Trampın ABŞ-də prezident seçilməsi və sonrakı proseslər kifayət qədər ciddi maraq doğururdu.
Mən də dəfələrlə şərhlərimdə qeyd edirdim ki, dünyada belə bir fikir formalaşıb ki, Tramp müharibələri dayandıracaq, sülhü bərqərar edəcək, iqtisadi əməkdaşlıq və inteqrasiyanı daha da gücləndirəcək. Hələ öz səlahiyyətlərinə başlamazdan əvvəl onun atdığı addımlar və komandasına etdiyi təyinatlar daxili və xarici siyasətdə mövqeyini müəyyən qədər ifadə etməyə imkan yaradırdı”.
Bu sözləri Yenicag.az-la söhbətində politoloq İlyas Hüseynov deyib.
Siyasi təhlilçi ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın inauqurasiya mərasimində çıxışı zamanı “Amerikanın qızıl dövrü indi başlayır” ifadələrini, habel ə4 illik Tramp dönəmini analiz edib.
Onun sözlərinə görə, xüsusilə Trampın Yaxın Şərqdə oktyabrın 7-də başlayan əməliyyatların dayandırılmasına verdiyi dəstək, İsrail və digər tərəflər arasında ABŞ-nin vasitəçiliyi ilə razılığın əldə olunması onun sülh tərəfdarı olduğunu göstərir:
“Trampın məqsədi münaqişələri dayandırmaq, qan tökülməsinin qarşısını almaq və bu yolla ABŞ-nin siyasi imicini və reytinqini yüksəltməkdir. Son dövrlərdə Böyük Britaniya və Avropa İttifaqı, ABŞ və Avropa İttifaqı, NATO və Rusiya, eləcə də kollektiv Qərb və Çin arasında ciddi ziddiyyətlər mövcud idi. Bu ziddiyyətlər isə potensial və ya dondurulmuş münaqişələrin eskalasiyasına səbəb ola bilərdi. Belə bir vəziyyətdə gərginliyi azaltmaq və münaqişələrin genişlənməsinin qarşısını almaq üçün böyük güclərin sülh istiqamətində addımlar atması mühüm əhəmiyyət daşıyır”.
“Trampın “ABŞ-nin qızıl dövrü başlayacaq” fikri də Vaşinqtonun beynəlxalq arenada mövqeyini gücləndirməyə yönəlmiş bir yanaşma kimi dəyərləndirilir. Dünya dövlətləri ABŞ-dən bir çox məsələlərin həlli ilə bağlı təşəbbüslər gözləyirlər və Trampın istəyi də bu yöndədir. O, həmçinin yarımçıq qalmış məsələləri həll etməyə çalışır. Baydenin prezidentliyi dövründə imzalanmış bəzi sənədləri bir imza ilə ləğv etməsi də Trampın özünü 45-ci prezidentlik dövrünün davamı kimi göstərməyə çalışdığı təəssüratını yaradır. Beləliklə, 47-ci prezident kimi seçilməsi Trampın siyasi ambisiyalarını daha aydın ifadə edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az