Reklam: High Technic
hightechnic

Anar YUSİFOĞLU: Sevginin ünvanı

image

Novruz – qeyri-adi hisslər doğurur; heç də təbiətin oyanması, torpağın yaşıllaşması, insanın yeni, bahar ovqatına dolması kimi hissləri nəzərdə tutmuram. Bu bayram ənənəsinin özündən danışıram.

Hansı mistik-mənəvi, yaxud ibtidai-dini dünyagörüşün nəticəsində formalaşıb bu ənənələr? Çoxları kimi, bu suala mənim də öz cavablarım var. Bu cavablar müzakirə oluna bilər, elmi mübahisəyə də çevrilər. Ancaq müzakirə və mübahisə olunmayan, fərqinə varmadan əməl etdiyimiz, canımıza-qanımıza qədər hopan Novruz törənləri var ki, düşüncəmizi titrədən səbəbləri yox, hisslərimizi silkələyən nəticələridir ruhumuzu dəyişən.

Bu Novruzda da yenə yurd yerlərinə çəkildik; oyanan torpaqdan oyanmayacaq doğmalarımızın qəribsədiyimiz qoxusunu almaq üçün havanı ciyərlərimizə çəkdik, toxunmaq üçün gözümüzün yaşına çevrilib, yerin təkinə düşdük; ruhuna dua üçün əllərimizi göylərə açdıq… Bütün umu-küsülərin üstündən xətt çəkdik – heç nə olmamış kimi. Başqa necə olmalıdır ki? Axı, Novruz – həm də yenidən doğulmadır: yeni doğulanın bu dünya ilə əvvəllər nə qovğası ola bilər ki!

Yeni doğulma və ümumiyyətlə doğulma varsa… ölüm də var demək. Bu yeni «kiçik doğulmaların» sonu böyük ölümdür; hər il Yeni Gündə torpaq ziyarətlərinin kökündə əbədi yatacağımız doğma torpağa vərdiş etmək, hər il bir parça torpaq olmaq da dayanır.

Sanki bayram tətili də buna köklənmişdi: iş-gücdən yorulmusanmı, – dincəl; Bakıdan yorulmusanmı – buyur; torpaq səni çəkirmi – get… amma…

Yadıma nə vaxtsa eşitdiyim bir rəvayət düşür: günlərin birində qövmünü yoldan çıxaran Şeytana acığı tutur peyğəmbərlərdən birinin, üz tutur Allaha və yalvarır ki, Şeytanı mənə göstər, onun əl-qolunu bağlamaq şansı qismət elə!

Tanrı peyğəmbərinin duasını eşidir, nagahan bir yerdə Şeytanı qarşısına çıxarır. Peyğəmbər onun əl-qolunu bağlayır, insanların içindən çıxdığına tam əmin olandan sonra yurduna qayıdır. Görür ki, oba bomboşdur, kimsə gözə dəymir. Axtara-axtara hamını qəbiristanlıqda, hərəni öz qəbrini qazıb içinə girmiş görür. «Bu nə deməkdir» – soruşur. Hamı bir ağızdan deyir ki, Allaha qovuşmaq üçün ölümü gözləyirik; dualarımız da bir an tez Allaha qovuşmaqdır!

Deyilənə görə, peyğəmbər Allahın hikmətini anlayır, bağışlanmağını diləyir və dərhal Şeytanın əl-ayağını açıb buraxır…

Axırçərşənbə səhəri – sanki həmən peyğəmbərin Şeytanın əl-ayağını açdığı gündür… Heç bayram tətilini gözləməyə də taqət qalmır: Bakı ana ağuşu kimi özünə çəkir adamı – tozundan, havasından, özündən yorulduğumuz Bakı!

Novruz xonçasının bir ənənəsi də «s» hərfi ilə başlayan nemətlərin Səməni ətrafına düzülməsidir.

Əksəriyyət bu ənənəyə əməl edir. Ancaq deyəsən, heç də hamımız fərqində deyilik ki, bu ənənənin əsasında, «s» hərfi ilə başlayan nemətlərin sırasında – ən ucada, ən yüksəkdə Sevgi dayanır. O, süfrəyə qoyulan nemət deyil; o, ürəkdə boylanan nemətdir. O – yerdən çıxmır, O – göydən gəlir!

Bakı – hara getsək belə, həm də Sevgimizin ünvanı kimi bizi özünə çəkir…

www.yenicag.az

71