Xankəndidə Tarixi HADİSƏ: “Həm dost, həm də dünya ölkələrinə mesajlar çatdırılır” – DEPUTAT
“17-ci Zirvə Görüşünün Azərbaycanda, Xankəndidə keçirilməsi tarixi hadisədir. Bu dəfəki Zirvə Görüşündə qəbul ediləcək qərarlar, bəyanatlar və veriləcək mesajlar gələcək üçün də yol göstərici olacaq”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün əhəmiyyətini şərh edərkən bildirib.
Deputat qeyd edib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildən üzv olmaqla, bu təşkilatın çoxvektorlu siyasətinə mühüm töhfələr verib və daim uğurlu fəaliyyəti ilə seçilib:
“17-ci Zirvə Görüşünün Xankəndidə keçirilməsi olduqca önəmli mesajlar daşıyır. Xankəndi Qarabağın ən böyük şəhəridir və işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikası burada, həmçinin bütün Qarabağ və Şərqi Zəngəzurda sürətli və davamlı şəkildə bərpa-quruculuq işləri aparır. Bu şəhər yenidən canlanır, öz sahiblərini qəbul edir. Artıq burada beynəlxalq miqyaslı böyük tədbir keçirilir”.
Deputatın fikrincə, bu Zirvə Görüşü vasitəsilə həm dost ölkələrə, həm də dünya ictimaiyyətinə mühüm mesajlar verilir:
“Xankəndi Zirvəsinə ev sahibliyi ilə həm dost ölkələrə, həm də bütün dünyaya vacib mesajlar çatdırılır. Sözügedən təşkilat iqtisadiyyat, mədəniyyət, aqrar sahə, turizm, enerji və digər qarşılıqlı faydalı əməkdaşlıq sahələrini təbliğ edir. Eyni zamanda beynəlxalq platforma kimi zaman keçdikcə nüfuzunu artırır. Ölkəmiz isə bu təşkilata üzv olduqdan sonra onun fəal iştirakçısı kimi təşkilatın gücünə güc qatır”.
Vüqar İskəndərov 17-ci Zirvə Görüşünün yalnız bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətli nəticələr verəcəyini bildirib:
“17-ci Zirvə Görüşünün Azərbaycanda, Xankəndidə keçirilməsi tarixi hadisədir. Bu dəfəki Zirvə Görüşündə qəbul ediləcək qərarlar, bəyanatlar və veriləcək mesajlar gələcək üçün də yol göstərici olacaq. Çünki Azərbaycan ev sahibliyi etdiyi tədbirləri hər zaman ən yüksək səviyyədə təşkil etməklə yadda qalır. Xankəndi Zirvə Görüşü də həm Azərbaycan, həm də üzv dövlətlərin şanlı tarixində əvəzsiz izlər buraxacaq”.
Nəsimi Ələsgərli