ANS-dən ixtisarla bağlı açıqlama
ANS prezidentinin müşaviri Mais Məmmədov televiziyada işdən azad edilən şəxslərlə bağlı açıqlama verib. M. Məmmədov qafqazinfo-ya bildirib ki, kiminsə işdən çıxarılması rəhbərliyin səlahiyyətinə aiddir:
“İşə qəbul edilən şəxs ömürlük orada qalmır ki? Burada nə məsələ var ki? İşdən çıxarılanların maliyyə problemi ilə heç bir əlaqəsi yoxdur”.
Onun sözlərinə görə, hələ ki, boş qalan yerlərə təyinat aparılmayıb:” Axtarışlar davam edir. Ceyhun Əsgərovun ANS-dən tez-tez gedib gəlməsi məsələsinə gəlincə isə, bu haqda mən bir şey deyə bilmərəm. Bəlkə, onun prezidentlə hər hansı işi olub və ya fəaliyyəti onun xoşuna gəlməyib. Hər halda mənim bu haqda məlumatım yoxdur”.
Qeyd edək ki, ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərovla yanaşı, televiziyanın kadrlar idarəsinin rəisi ilə proqram departamentinin rəhbərinin də işdən çıxarıldığı deyilir. Cəzalandırılan işçilər arasında ANS-prezidentinin qardaşı qızı da var. Belə ki, Vahid Mustafayevin qardaşı Seyfulla Mustafayevin qızı Çinarə Mustafayeva radioda ikinci müavin olsa da, aşağı vəzifəyə keçirilib. O, bundan sonra musiqi redaktoru kimi çalışacaq.