Kartdan karta köçürmələrdə KOMİSSİYA: Etibarlılıq, yoxsa müştəri itkisi?
“Banklar üçün əsas məsələ komissiya siyasəti ilə müştəri məmnuniyyəti arasında tarazlığı qorumaqdır. Qısa müddətdə komissiyalar bankın gəlirlərini artıra bilər, lakin uzun müddətdə həddindən artıq yüksək xidmət haqları müştəri sayının azalmasına, kart dövriyyəsinin aşağı düşməsinə və bazar payının itirilməsinə səbəb ola bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib.

O bildirib ki, bankların kartdan nağd pul çıxarma, kartdan karta köçürmə və digər gündəlik əməliyyatlar üzrə komissiya tətbiq etməsi və ya bu komissiyaları artırması müştərilərin davranışına birbaşa təsir göstərə bilər:
“Müştərilər bank seçərkən təkcə etibarlılığa deyil, həm də xidmət haqlarına diqqət yetirirlər. Əgər əvvəllər ödənişsiz və ya aşağı komissiya ilə həyata keçirilən əməliyyatlar sonradan bahalaşarsa, insanlar bunu əlavə maliyyə yükü kimi qəbul edə bilərlər. Belə vəziyyətdə bir çox müştəri digər bankların təkliflərini müqayisə etməyə başlayır. Əgər başqa bank eyni xidməti daha aşağı komissiya ilə və ya tam ödənişsiz təqdim edirsə, müştərinin bankını dəyişməsi ehtimalı artır.
Xüsusilə kartdan karta köçürmələr və bankomatdan nağd pul çıxarma kimi tez-tez istifadə olunan əməliyyatlarda komissiyanın olması istifadəçilərin narazılığına səbəb olur. Bu narazılıq zaman keçdikcə müştəri itkisinə çevrilə bilər. Bununla yanaşı, komissiyaların tətbiqi həmişə müştərilərin bankı tərk etməsi ilə nəticələnmir. Əgər bank yüksək xidmət keyfiyyəti, rahat mobil tətbiq, sürətli müştəri xidməti, geniş bankomat şəbəkəsi, sərfəli kredit və əmanət məhsulları təklif edirsə, bəzi müştərilər əlavə komissiyalara baxmayaraq həmin bankdan istifadəyə devam edirlər. Müştərilər bəzən rahatlığı və etibarlılığı daha vacib hesab edirlər”.
İqtisadçı nəticə etibarilə kartdan nağd pul çıxarılmasına və kartdan karta köçürmələrə komissiya tətbiq edilməsini, yaxud onların artırılmasını bankın müştəri itkisi ilə üzləşməsi riskini artıran amillərdən biri kimi dəyərləndirib:
“Xüsusilə rəqabətin güclü olduğu bank sektorunda müştərilər daha sərfəli şərtlər təklif edən banklara asanlıqla keçə bilirlər. Lakin bu riskin nə dərəcədə reallaşacağı komissiyanın məbləğindən, rəqib bankların təklif etdiyi şərtlərdən və bankın ümumi xidmət keyfiyyətindən asılıdır. Müştərilər hesab edərlərsə ki, ödədikləri komissiya aldıqları xidmətlə uyğun gəlmir, o zaman başqa banklara keçmək ehtimalı xeyli yüksəlir”.
Cəvahir













