Tovuz rayon Dondar Quşçu kənd sakini, Vətən müharibəsi veteranı, döyüşlərdə göstərdiyi şücaətə görə ölkə başçısı tərəfindən iki dəfə medalla təltif edilmiş Əliyev Kamran Əliş oğlunun Qida Təhlükəsizliyi Agentliyinin Tovuz rayon bölməsinin əməkdaşları tərəfindən haqsız təzyiqlərə məruz qalması iddia edilir.
Yenicag.az-a daxil olan məlumata görə, İkinci Qarabağ Müharibəsindən sonra ailəsi üçün çörək pulu qazanmaq məqsədilə rayonun Aşağı Quşçu kəndi ərazisində yerləşən “Viktoriya” çay evini işlədən Kamran Əliyev 24 fevral 2022-ci il tarixdə sözügedən agentliyin Tovuz bölməsində çalışan əməkdaşları Əhmədov Elçin Əhməd oğlunun və Feyzizadə Elvin Sahib oğlunun “yoxlama”sına məruz qalıb. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsindən tam kənara çıxan həmin şəxslər özlərinə məxsus kameraları sönmüş halda, hətta Elçin Əhmədov da içkili vəziyyətdə obyektə daxil olaraq birbaşa 200 manat məbləğində cərimə yazacaqlarını bildiriblər. Kamran Əliyev həmin şəxslərin qanundan kənara çıxdıqlarını söyləsə də, agentliyin işçiləri deyilənləri eşitmədən, guya əsəbləşərək qərəzli şəkildə 4000 manat cərimə yazıblar. Əməli ilə işləri bir müstəvidə cəmləşməyən Elçin və Elvin müharibə veteranına onu da bildiriblər ki, bu, baş idarənin göstərişidir. “Hər il tabeçiliyində olduğumuz agentlik Qarabağın inkişafı üçün 5 milyon pul ödəyir. Ona görə də bizə tapşırıq var ki, obyektləri nöqsan oldu, olmadı cərimələməliyik”, – deyə onlar bildiriblər.
Müharibə veteranı Kamran Əliyevin dediklərinə görə, hər iki şəxs tutduqları vəzifədən digər adda da sui-istifadə edənlərdir. Belə ki, Elvin Feyzizadənin əmisi oğlu Tovuz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında “Ləziz” kafesi işlədir. Əmisi oğluna havadarlığı şəxsən Elvinin özü edir. Sözügedən şəxsin həmin kafeyə cəriməni 4000 manat deyil, 300 manat yazması dediklərimizi sübuta yetirir.
Digər əməkdaş Elçin Əhmədovun bacısının adına Tovuz rayonunda “Həyat” restoranı fəaliyyət göstərir. Həmin restorana hələ ki 1 manat da olsun cərimə yazılmayıb.
Vətəndaş Kamran Əliyev Qida Təhlükəsizliyi Agentliyinin Tovuz bölməsinin belə özbaşınalıqlarını və haqsızlıqlarını qəbul etməyərək, haqlı olaraq Prezident başda olmaqla aidiyyəti orqanlara ərizələrlə müraciət edib. Bundan əlavə, agentlik Kamran Əliyev tərəfindən Tovuz rayon Məhkəməsinə də verilib.
Gülşən Şərif
www.yenicag.az