ARAŞDIRMA: Bu tarixdə doğulanlar 100 yaşına çatmayacaqlar
Yeni elmi araşdırmaya görə, XX əsrin ilk yarısında insan ömründə müşahidə olunan sürətli artım son onilliklərdə əhəmiyyətli dərəcədə zəifləyib.
Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticəsi PNAS jurnalında dərc edilib.
Tədqiqatda 23 yüksək gəlirli ölkənin göstəriciləri araşdırılıb. Məlum olub ki, 1939-cu ildən sonra doğulan heç bir nəslin orta hesabla 100 ilə qədər yaşaması ehtimal olunmur.
ABŞ-nin Viskonsin-Madison Universitetindən Hektor Arolas bildirib ki, XX əsrin əvvəlində unikal şəkildə əldə olunan ömür uzunluğu artımı yaxın gələcəkdə təkrar müşahidə edilməyəcək:
“Böyüklərin sağ qalma göstəriciləri iki dəfə artsa belə, bu, əvvəlki sürətli yüksəlişlərlə müqayisədə çox zəif qalır”.
1900–1938-ci illərdə hər yeni nəsildə orta ömür təxminən 5,5 ay artırdı. 1900-cü ildə yüksək gəlirli ölkədə doğulan birinin ömrü 62 il olduğu halda, 1938-ci ildə bu rəqəm artıq 80-ə çatmışdı. Lakin sonrakı dövrdə artım üç ayadək azalıb.
Maks Plank Əhali Araşdırmaları İnstitutundan Xose Andrade isə qeyd edib ki, 1980-ci il təvəllüdlülərin orta hesabla 100 yaşa qədər yaşaması mümkün deyil:
“Uzun ömrün əsas səbəbi əvvəllər uşaq ölümünün kəskin azalması idi. Bu gün isə həmin göstəricilər onsuz da aşağı səviyyədədir və böyüklər arasında irəliləyiş əvvəlki qədər təsir göstərmir”.
Alimlər vurğulayıblar ki, nəticələr səhiyyə, pensiya və sosial siyasətlərin planlaşdırılmasında dövlətlər üçün mühüm xəbərdarlıq rolunu oynayır.