ARDNŞ-də bədbəxt hadisə baş verib
Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsində bədbəxt hadisə baş verib.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi deyib ki, təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində idarənin Zığ ərazisindəki liman sahəsində fəhlə ağır yaralanıb: “Dünən fəhlənin ayağının üstünə beton plitə aşıb. Nəticədə onun bütün ayaq barmaqları kəsilib. İlkin araşdırmalara görə, hadisə idarədə təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verib. Bundan əlavə, işçini küləkli havada işləməyə məcbur etmək yolverilməzdir. İdarə rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində fəhlə ömürlük əlil oldu”.
M.Qəhrəmanlı qeyd edib ki, neft sektorunda qəzalarla bağlı araşdırma aparılır: “Lakin baş vermiş qəzalar nəticəsində ölüm və xəsarət faktlarına görə indiyədək heç bir məmur cəzalandırılmayıb. Əksinə, qəza faktları gizlədilir, ölən günahkar çıxarılır. Bu faktı da gizlətməyə çalışıblar. Buna görə də qəza nəticəsində xəsarət alan fəhlənin kimliyini araşdırırıq” (virtualaz.org).