Xətai rayonu ərazisində yerləşən 6 saylı “ASAN Xidmət”də dələduzluq baş verib.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Mustafayev Natiq Vidadi oğlu uzun müddət yoldaşlıq etdiyi şəxslərin tanış etdiyi şəxs tərəfindən aldadılıb.
Belə ki, zərərçəkmiş yaxın dostlarının təkidi ilə onlara tanış olan 2003-cü il təvəllüdlü Mustafayev Dəniz Müşviq oğlunun cəmi bir saatlıq pula ehtiyacı olduğunu deyiblər. Söz veriblər ki, həmin pul hesabda görünəndən sonra 1 saat ərzində çıxarıb ona qaytaracaqlar:
“Dəniz dedi ki, bizneslə məşğuldur. Pulu da həmin məqsədlə istəyiblər. Dedilər ki, hesaba pul qoyulmalıdır, orada vəsait görünməlidir ki, investor da yatırım etsin. Bundan sonra müqavilə imzalanacaq və məndən aldıqları pulu hesabdan çıxarıb qaytaracaqlar. Nə isə Dəniz və dostumla birgə 6 saylı “ASAN Xidmət”in binasına getdik. Binanın 4-cü mərtəbəsində olarkən 10 min 300 manat pulu əlbəəl Dənizə verdim. O da dostumla vəsaiti hesaba yatırmaq adı ilə aşağı mərtəbəyə getdi. Üstündən bir neçə dəqiqə keçdi, Dəniz gəlmədi. Sonra da nə qədər zəng etdim, telefona cavab vermədi. Məlum oldu ki, pulu götürüb qaçıb. Bu günə kimi də ondan xəbər yoxdur. Anası ilə də danışmışam. Onlar da harada olduğunu bilmir. Pulu verdiyim anın görüntüləri də “ASAN Xidmət”in kameralarına düşüb. Hadisədən bir gün sonra Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinə şikayət etdim. Hələ ki, bir nəticə yoxdur”.
Zərərçəkmiş polisə güvəndiyini, qısa müddətdə ona qarşı dələduzluq edən şəxsin tapılıb istintaqa cəlb ediləcəyinə və ona dəymiş ziyanın geri ödəniləcəyinı inandığını qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərdik.
Qurumdan saytımıza cavab olaraq bildirildi ki, vətəndaşın şikayətinə baxılıb: “Mustafayev Natiq Vidadi oğlunun avqustun 6-da etdiyi müraciətlə bağlı hazırda araşdırma aparılır”.
www.yenicag.az