Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.
Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.
Qeyd edək ki, daha öncə mərhumun sabah Bakıda dəfn olunacağı açıqlanmışdı. Görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.
Ə.Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb. Mərhum sənətkarın aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.
www.yenicag.az