AŞPA islahatlara getməsə, onlarla əməkdaşlıqdan söhbət gedə bilməz - DEPUTAT
“Avropa Şurası Parlament Assambleyası (AŞPA) indiki halda islahatlara getməyəcəksə, Azərbaycana qarşı ədalətli mövqe sərgiləməyəcəklərsə, onlarla əməkdaşlıqdan söhbət gedə bilməz”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Yenicag.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, AŞPA Azərbaycana qarşı ikili standartlar nümayiş etdirib:
“Ölkəmiz AŞPA-ya üzv olduğu andan etibarən üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Ancaq istər AŞPA, istərsə də digər Avropa strukturları, beynəlxalq təşkilatlar Azərbaycana qarşı ciddi qarayaxma kampaniyası aparıblar. Avropa Şurası, əslində, ilk növbədə dövlətlərin ərazi bütövlüyünü dəstəkləməlidir. Lakin Ermənistanla münaqişə zamanı bunu görmədik. Onlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, o cümlədən beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlərinə istinad etmədilər. İkili standartların şahidi olduq. Erməni diasporu və lobbisinin satın aldığı siyasətçilər, parlamentarilər Azərbaycana qarşı qətnamələr qəbul etdilər. Beynəlxalq hüquq və normaları ayaq altına atdılar. Hətta Azərbaycanın hüquqlarını məhdudlaşdırmağa cəhd etdilər. Daxildəki agentura şəbəkələri vasitəsilə ictimai-siyasi sabitliyi pozmağa çalışdılar. Ölkəmiz əleyhinə həm burda, həm də xaricdə tədbirlər təşkil etdilər”.
Deputat vurğulayıb ki, Azərbaycanın AŞPA-dakı iştirakını bərpa etməsi sözügedən qurumdan asılıdır:
“İlk addımı onlar atmalıdır. Əleyhimizə qəbul etdikləri qətnamələrin əsassız olduğunu etiraf etməlidirlər. Ondan sonra Azərbaycan, digər beynəlxalq təşkilatlarda olduğu kimi, AŞPA ilə də əməkdaşlığa başlaya bilər. Problem bizdə yox, onlardadır. Bundan başqa, AŞPA-da islahatlar aparılmalıdır. Qurumda təmsil olunan parlamentarilərin korrupsiyaya bulaşdığını gördük. Onlar haqqında cinayət işləri də açılıb. Onu da vurğulamaq lazımdır ki, AŞPA-dakı erməni lobbisi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini həzm edə bilmədi. Bundan sonra mövcud olmayan problemləri qabartmağa çalışdılar. Bunlardan biri də əvvəllər Qarabağda yaşamış ermənilərin məcburi şəkildə geri qaytarılması idi. Sözügedən məsələni Ermənistan dövləti qaldırmır, amma AŞPA buna cəhd edir. Ermənilər belə bunu istəmir. Görünür, təşkilatın əsas məqsədi Azərbaycana qarşı çıxış etmək idi”.
Millət vəkili əlavə edib ki, nə qədər ki, üçüncü tərəflər Azərbaycan və Ermənistan münasibətlərinə müdaxilə etməyə çalışacaq, o zamana qədər regionda dayanıqlı sülh olmayacaq:
“Onların əsas məqsədi Cənubi Qafqazda gərginliyin davam etməsidir. Hazırda görünür ki, Azərbaycan və Ermənistan, vasitəçi olmadan, münasibətləri normallaşdırır və əməkdaşlıq edir. Rəsmi İrəvan da bundan məmnundur. Ölkəmizin etdiyi xoşməramlı jestləri müsbət qəbul edilir. Yaxın zamanlarda kommunikasiyaların açılacağına da şahid olacağıq. Artıq ilk addımlar atılıb. Bu günlərdə Prezident İlham Əliyev bəyan etdi ki, Qazaxıstan məhsulları Azərbaycan üzərindən Ermənistana daşına bilər. Nikol Paşinyan da buna görə dövlət başçımıza təşəkkür etdi. Yəni ölkələr, üçüncü tərəf olmadan, dil tapır və əməkdaşlıq qururlar”.
Məlik Məlikov












