“Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar heç bir əsasa söykənmir və qərəzlidir”.
Yenicag.az “Report” istinadən xəbər verir ki, bunu jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib.
Onun sözlərinə görə, qurumun bu addımı Azərbaycana qarşı yönəlib: “Çünki, şəxsən Səməd Seyidovun bu korrupsiya məsələsinə aid olmasını sübut edəcək bir dəlil yoxdur. Hazırlanmış hesabat özü də ziddiyətlərlə doludur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı bir sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə bir addım atılmamalıdır”.
ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın Avropa Şurasından çıxması düzgün addım olmaz: “Çünki Azərbaycan qurumun ən fəal üzvlərindən biridir. Azərbaycan eyni zamanda Avropa Şurasının və onun Parlament Assambleyasının fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Bəzi dairələrin təzyiqi altında, onların istəyi və təxribatı ilə Azərbaycanın öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin, buna cəhd edənlər var. Bu cür layihələrın arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın. Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alsaq ki, bu gün Azərbaycan Avropa İttifaqı ölkələrinin əsas ticarət tərəfdaşıdır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr icra olunur. Belə olanda hamıya bəllidir ki, Azərbaycana qarşı məkrli işlərdə kimlər maraqlıdır”.
O deyib ki, S.Seyidovun istefa verməsini də düzgün hesab etmir: “Bu bütövlükdə ədalətsiz, qərəzli, haqsız bir qərardır. Bunu bilə-bilə nümayəndə heyətinin tərkibinin və rəhbərinin dəyişdirilməsini mənəvi baxımdan düzgün hesab etmirəm. Amma siyasi baxımdan vəziyyətin və yanaşmanın necə olacağını Səməd Seyidov və Azərbaycan hökuməti müəyyənləşdirməli, vəziyyətə uyğun qərar verilməlidir. Mənim fikrimcə, sırf mənəvi baxımdan bu Səməd Seyidova qarşı edilmiş haqsızlıqdır və bu haqsızlığı bilə-bilə onu nümayəndə heyəti rəhbərliyindən uzaqlaşdırmaq düzgün deyil. Amma siyasi qərarı Səməd Seyidov və rəhbərlik özü verəcək”.
www.yenicag.az