“Bu otuz il ərzində heç bir təsirə malik olmayan o qədər sənəd qəbul olunub ki…”
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) növbəti ermənipərəst sənədin qəbul olunmasını şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, cəmiyyətin bu cür sənədlərə münasibətinin dəyişməsinə ehtiyac var:
“Belə başa düşdüm ki, burada söhbət AŞPA-nın Qarabağ münaqişəsinin humanitar nəticələrinə dair hazırladığı məruzədən gedir. O sənəddə məsələlər müəyyən qədər balanslaşdırılmış şəkildə əks olunub və buna, haradasa, adi münasibət göstərmək lazımdır.
Aydın məsələdir ki, onlar prinsipial olaraq heç bir məsələni bizim xeyrimizə, ümumiyyətlə, həqiqəti yazan deyillər. Yəni o məruzə balanslaşdırılmış, mənasız bir kağızdır. İstisna etmirəm ki, bizim AŞPA-dakı nümayəndə heyəti imkan dairəsində o məsələyə təsir etməyə çalışıb.
Bilirsiniz, biz gərək cəmiyyətin bu cür sənədlərə münasibətini dəyişdirək. Açıq demək lazımdır ki, elə sənədlərin real vəziyyətə heç bir təsiri yoxdur. Əsas məsələ budur ki, biz torpaqlarımızı işğaldan azad etmişik. Bundan sonra kim nə fikirləşir, nə yazır, fərqi yoxdur. Bu otuz il ərzində heç bir təsirə malik olmayan o qədər sənəd qəbul olunub ki… Bunlara əhəmiyyət verməməyin tərəfdarıyam”.
A.Zeynalov
www.yenicag.az