Avropada qurulan türk media gücü: Azərbaycan niyə bu platformada olmalıdır? - Aqil Ələsgər yazır

media-hightechnic-468x90

Almaniyanın Qelsenkirxen şəhərində 4-cü Avropa Türk Media Zirvəsi baş tutdu. Tədbir Avropa Türk Mətbuat Yayım və Jurnalistlər Birliyi tərəfindən təşkil olunmuşdu. Bu tədbir sayəsində Avropanın müxtəlif ölkələrindən jurnalistlər, media rəhbərləri, siyasətçilər və ictimai xadimlər bir araya gəldilər.

media-banner_tkm

media-whatsapp-image-2026-02-23-at-09-55-54-1

Zirvə artıq ənənəvi xarakter alaraq Avropadakı türk mediasının əsas platformalarından birinə çevrilib. Bu, Türkiyənin bütün siyasi kəsimlərinin qatıldığı zirvədə ikinci iştirakım idi.

 

Zirvə çərçivəsində Avropada türkdilli medianın mövcud vəziyyəti, maliyyə çətinlikləri, rəqəmsal transformasiya, süni intellektin media mühitinə təsiri və diasporda medianın rolu geniş müzakirə olundu. Çıxışlarda vurğulandı ki, Avropada yaşayan milyonlarla türk üçün media yalnız informasiya mənbəyi deyil, eyni zamanda, kimliyin qorunması və birliyin təmin olunması vasitəsidir.

Nəzərə alsaq ki, hazırda türk torpaqlarından kənarda milyonlarla türk var, onların təşkilatlanması və media vasitəsilə əlaqələndirilməsi Türk Dövlətləri Təşkilatı (TDT) üçün strateji əhəmiyyət daşıyır. Türk dünyası vətəndaş cəmiyyətinin qurulması da, vahid rəqəmsal platformada birləşməsi üçün də media önəmlidir. Avropada təşkilatlanmış və oturuşmuş media şəbəkəsi burada önəmli rol oynayacaq. Zirvənin önəmi də burada meydana çıxır.

media-whatsapp-image-2026-02-23-at-09-55-53-1

 

Bu zirvə niyə önəmlidir?

Onu nəzərə almaq lazımdır ki, Avropadakı türk diasporu artıq mühacir icması deyil, formalaşmış və təsir gücünə malik sosial-siyasi reallıqdır. 60 ildən artıq miqrasiya tarixindən sonra bu icma həm say, həm də təsir baxımından ciddi gücə çevrilib. Belə bir mühitdə media yalnız xəbər yaymaqla kifayətlənmir, o, ictimai rəy formalaşdırır, milli kimliyi qoruyur və siyasi proseslərə təsir edir.

Avropada fəaliyyət göstərən türk mediası bir tərəfdən yerli cəmiyyətlə inteqrasiyanı asanlaşdırır, digər tərəfdən isə ana vətənlə əlaqəni canlı saxlayır. TDT çərçivəsində artan əməkdaşlıq fonunda diaspor mediasının koordinasiyalı fəaliyyəti türk dünyasının qlobal informasiya mübarizəsində mövqeyini gücləndirə bilər. Xüsusilə dezinformasiya çağında ortaq media strategiyası artıq zərurətə çevrilib.

Zirvə həm də müxtəlif siyasi baxışlara malik şəxslərin eyni masa arxasında toplanması baxımından diqqət çəkir. Bu, media və diaspor məsələsinin partiyalarüstü milli məsələ kimi qəbul olunduğunu göstərir.

media-whatsapp-image-2026-02-23-at-09-55-54

Azərbaycan üçün keçmişdən gələcəyə perspektiv

Avropadakı türk diasporu və media qurumları Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır. Xüsusilə Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Avropada fəaliyyət göstərən türk media qurumları informasiya mübarizəsində mühüm rol oynadılar. Qarabağla bağlı haqq səsimizin Avropada ucaltmaq üçün bu media bizə ciddi platforma oldu.

Burada bir haşiyə çıxaraq zirvənin memarı, Avropa Türk Mətbuat Yayım və Jurnalistlər Birliyinin və Avropa Türk İslam Birliyinin sədri Əli Paşa Akbaşın xatirəsindən bəhs etmək istəyirəm. Təkcə İkinci Qarabağ savaşında deyil, Birinci Qarabağ müharibəsi başlar-başlamaz Azərbaycana yardım üçün qollarını çırmalayan Əli Paşa və Avropadakı türklər o yardımı Türkiyə üzərindən ölkəmizə çatdırmaq üçün həm İstanbulda, həm Bakıda nə qədər bürokratik əngəllərlə üzləşiblər. Düşünün, həm yardım edirsən, həm də az qala hər addımda sorğu-suala çəkilirsən ki, niyə də, niyə? Ancaq Əli Paşa Akbaş və dostları bütün çətinlikləri bir-bir aşaraq o yardımın birbaşa Qarabağa getməsini təmin ediblər. O günlərdən gülərək danışır Əli Paşa bəy… Köhnə Bakı, indi tozu belə qalmayan “İnturist” hotel, Türkiyənin ən zirvəsinə edilən zənglə problemin çözülməsi… Bunlar sadəcə bir xatirə deyil, qardaşının evi yanarkən buna etinasız yanaşmayan, Avropadakı isti yerini qoyub, aylarla bu torpaqlara yardım üçün gələn türklərin hekayəsidir. Eləcə də 2020-ci ildə Avropadakı ən böyük media quruluşları olan “Kanal Avropa”, “Post Aktüel” qəzeti, həm də Londondan Brüsselə, Hamburqdan Amsterdama harada bir türk mediası var idisə, Azərbaycan üçün səfərbər oldular.

media-whatsapp-image-2026-02-23-at-09-55-54-2

Bu dəstək təkcə emosional deyil, həm də siyasi və ictimai müstəvidə özünü göstərdi. Parlamentlərdə müzakirələr, ictimai rəyin formalaşdırılması və dezinformasiyaya qarşı mübarizə məhz diaspor və media əməkdaşlığı sayəsində mümkün oldu.

Gələcək perspektivdə isə Azərbaycan mediasının Avropadakı türk media platformaları ilə daha sıx əməkdaşlığı vacibdir. Ortaq layihələr, jurnalist mübadiləsi, rəqəmsal platformaların inteqrasiyası və türk dünyası miqyasında vahid informasiya şəbəkəsinin qurulması həm Azərbaycan, həm də ümumilikdə Türk dünyası üçün strateji üstünlük yarada bilər.

media-whatsapp-image-2026-02-23-at-09-55-54-3

Qelsenkirxendə keçirilən 4-cü Avropa Türk Media Zirvəsi göstərdi ki, bu yalnız media tədbiri deyil. Bu, diaspor gücünün təşkilatlanması, türk dünyasının informasiya təhlükəsizliyi və gələcək strateji koordinasiyanın formalaşdırılması istiqamətində atılan növbəti addımdır. Azərbaycan üçün isə bu platforma həm keçmişdə göstərilən dəstəyin davamı, həm də gələcək əməkdaşlıq üçün yeni imkanlar deməkdir.

Sonda belə bir mötəbər tədbirdə çıxış etmə imkanı yaradılan azərbaycanlı jurnalist olaraq bu yöndə təkliflərimi zirvədə də qeyd etdim. Bildirdim ki, Avropadakı türk mediası ciddi körpüdür. Fəqət bu körpünün hər iki tərəfində könlünü türk dünyasının inteqrasiyasına və inkişafına həsr edənlər olmalıdır ki, o əbədi olsun…

 

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05