Avropanın liderləri öz oyunlarına niyə qatılmadılar?
Kamil Seyidov: “Avropa ölkələri rəsmiləri Azərbaycanın uğurlarını həzm edə bilmir, ona görə də…”
Nərəddin Məmmədli: “Avropa ölkələri rəsmilərinin əksəriyyətinin oyunların açılış törənində iştirak etməməsi bir boykot aksiyasıdır”
Bildiyimiz kimi I Avropa Oyunlarının açılış törəni möhtəşəm təşkil olundu. Açılış mərasiminə bir sıra ölkələrin rəsmiləri, hətta bəzi dövlət başçıları da qatılmışdı. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin orada idilər. Amma nədənsə Avropa Oyunları olmasına baxmayaraq, köhnə qitənin əksər ölkələrinin rəsmiləri, xüsusən də Qərbi Avropadan olanlar, açılış törəninə gəlmədilər.
Görəsən niyə?
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov Yenicag.az-a açıqlamasında bildirdi ki, Avropadan olan rəsmilər Azərbaycanın uğurlarını gözü götürmədiklərindən, apardıqları anti-azərbaycan siyasətləri uğursuzluğa uğradığından, oyunların açılış törənində iştirakı özlərinə rəva bilməyiblər: “Avropa ölkələrinin kollektiv şəkildə Azərbaycanda keçirilən Avropa Oyunlarına münasibəti əslində əvvəldən də aydın idi. Azərbaycan bu gün müstəqil siyasət yürüdür, daxildə gedən proseslərdə tam olaraq söz sahibidir. Azərbaycanın inkişaf etməsi ona imkan verir ki, öz xarici siyasətini də özü müəyyənləşdirsin. Ölkəmizdə həbs olunanlar da konkret cinayət əməlinə görə məhkum olunublar, Azərbaycanda siyasi məhbus yoxdur. Amma Qərbdəki bəzi ölkələr istəmir ki, başqa dövlətlərdə gedən proseslərin onun öz istək və arzusuna uyğun olsun. Onlar çalışırlar ki, yenə yaranan ölkələr də sırf Avropanın nəhəng dövlətlərinin diqtəsilə oturub-dursun. Onlar Azərbaycana da bu mənada ikinci-üçüncü növ ölkə qismində yanaşır ki, öz şərtlərini ona qəbul etdirə bilsinlər. Ona görə də demokratiya pərdəsi altında gizlənərək, ölkəmizə öz təsirləri altında saxlamaq niyyətindədirlər. Ölkəmizə yönəlik təzyiq, təhdid, qara yaxma kampaniyası eyni bir mərkəzdən idarə olunur. Azərbaycan isə bütün bu təzyiqlərə rəğmən bir daha göstərdi ki, böyük tədbirlər təşkil etməyə qadirdir. Azərbaycan Avropa Oyunlarını keçirməklə əslində Avropanı xilas etdi. Bu qitədə başqa heç bir ölkənin belə bir möhtəşəm tədbiri keçirməyə imkanı yoxdur. Avropanın bu günkü marağı Azərbaycanı öz təsir dairəsinə keçirməkdir. Amma Azərbaycan da öz fəaliyyəti ilə Ermənistan kimi kiminsə vassalı olmadığını, müstəqil siyasət yeritdiyini ortaya qoydu. Bu əsasda da Avropadan olan rəsmilərin Bakıdakı oyunların açılış törəninə qatılmayacaqları gözlənilən idi. Çünki, onlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Həzm edə bilmədiklərindən də yarışların açılış törəninə qatılmadılar. Amma bununla əslində özləri peşman olacaqlar. Çünki, açılış törənində hansı ölkə rəsmilərinin iştirak edib-etməməsindən asılı olmayaraq, Azərbaycan öz yolu ilə gedir və onu bu yoldan heç kim sapdıra bilməyəcək. Çünki, Azərbaycan hakimiyyəti dövlət və xalqın maraqlarından çıxış edir”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli düşünür ki, Avropa rəsmilərinin açılış mərasiminə gəlməməsi, Azərbaycanda cərəyan edən anti-demokratik addımların boykotu sayılmalıdır: “Faktiki olaraq Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimini Avropa ölkələrinin əksər siyasi xadimləri, dövlət başçıları boykot etdi, rəsmi şəkildə bu yarışları müşahidə etmək missiyasından imtina etdilər. Bu da bilavasitə Azərbaycanda insan hüquq və azadlığına qarşı təpkilərin günü-gündən artması, demokratiyaya qarşı hakimiyyətin avtoritar metodlarla apardığı mübarizədən irəli gəlir. Azərbaycanda seçkilərin anti-demokratik keçirilməsi, ictimai-siyasi fəallara qarşı təzyiqlərin artması, 100-dən artıq siyasi məhbusun olması, korrupsiya, rüşvətxorluq Azərbaycan hakimiyyətinə qarşı yönələn təzyiqlərin bir forması kimi tətbiq olunmaqdadır. Artıq bu məsələ hakimiyyətin özü tərəfindən də etiraf olunur. Avropa ölkələri rəsmilərinin əksəriyyətinin oyunların açılış törənində iştirak etməməsi bir boykot aksiyasıdır”.
ELÇİN