“171 nömrəli marşrut xəttinin sürücüləri saat 21:15-dən sonra avtobusu son dayanacağa qədər idarə etmirlər. Yarı yoldan qayıdırlar, nəticədə sərnişinlər yolda qalır, axşam olduğu üçün taksi tapmaq da çətinləşir”.
Bu şikayətlə “Qafqazinfo”ya 171 saylı marşrut avtobuslarından istifadə edən bir qrup sərnişin müraciət edib.
Onların iddialarına görə, hər gün axşam saatlarında sərnişinlər bu aqibəti yaşayırlar:
“Zuğulba yolunda sürücülər sərnişinləri avtobusdan düşürür və qarşıdan dönüb təkrar şəhər istiqamətinə gedirlər. Avtobus sürücüləri bunu sərnişin sayının az olması ilə əlaqələndirirlər. Deyirlər ki, 10 nəfər sərnişin olsa, gedərlər, 1-2 nəfərə görə sonuncu dayanacağa qədər avtobus sürmək sərf etmir. Hər gün taksi ilə evə qayıtmaq məcburiyyətində qalırıq”.
Bakıətrafı digər qəsəbə və kəndlərə gedən avtobuslarda da analoji hallar tez-tez müşahidə olunur. Belə hərəkətə yol verən sürücülər və daşıyıcılarla bağlı hansı tədbirlər görülür?
Problemlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan cavab olaraq bildirilib ki, həmin marşrut avtobuslarında sözügedən faktların olduğu aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb:
“Məsələ ilə bağlı əraziyə baxış keçirilib və 171 nömrəli müntəzəm avtobus marşrutu üzrə sərnişindaşıma xidməti göstərən bəzi sürücülərin təyin olunmuş hərəkət sxemindən yayınaraq son dayanacaq məntəqəsinə getmədiyi məlum olub.
Faktla bağlı AYNA tərəfindən müvafiq intizam tənbeh tədbirləri görülüb. Belə ki, 171 nömrəli marşrutun istismarçısına xəbərdarlıq edilib və marşrutun fəaliyyətinə nəzarətin artırılması, başlanğıc və son dayanacaq məntəqələri arasında əlaqəliliyin təmin edilməsi tapşırılıb”.
Qeyd edək ki, 171 saylı marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından Bilgəh qəsəbəsi istiqamətində və geriyə hərəkət edir.
www.yenicag.az