“Vaxtilə xarici saytlarda 5-6 min dollara satışa qoyulan maşınlar Azərbaycanda 50 min dollara satılırdı”.
Bu fikirləri ölkəyə idxal edilən avtomobillərin qiymətlərinin reallıq dərəcəsini şərh edən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimli Yenicag.az-a açıqlamsında deyib.Onun sözlərinə görə, Azərbaycan bazarında artıq yeni nəsil avtomobillərə üstünlük verilir və tendensiya qiymət artımı ilə müşayiət olunur:
“Texnologiya inkişaf etdikcə, vətəndaşların bir çoxu onlayn formada istədiyi avtomobili ABŞ, Cənubi Koreya, Gürcüstan kimi ölkələrdən daha ucuz qiymətə sifariş edə bilir. Bunun da bir neçə səbəbi var. Məsələn, Azərbaycan avtomobil bazarında satışı alverçilərin özləri birbaşa həyata keçirirlər. Lakin təqribən son 5 ildə müxtəlif hərrac saytlarına çıxış imkanı yarandıqdan sonra xaricdən birbaşa sifariş praktikası genişlənməyə başladı.
Bazarda avtomobillərin bahalaşmasına bir çox faktorlar təsir göstərir. Xatırlasaq, Nazirlər Kabinetinin qərarına əsasən, ekoloji səbəblərdən istismar müddəti 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyuldu. Həqiqətən də, vətəndaş digər ölkələrdə ucuz qiymətə əldə edilən və istismar müddəti başa çatan avtomobilləri baha qiymətə almalı olurdu. Bu isə ölkənin böyük “avtomobil məzarlığı”na çevrilməsi ilə nəticələnərdi. Dediyimiz qadağanın tətbiqindən sonra daha müasir maşınların ölkəyə gətirilməsinə zəmin yarandı.
Qeyd etmək lazımdır ki, məhsul və ya xidmətin ərsəyə gətirilməsində çəkilən xərclər nə qədər çoxdursa, deməli, qiymət də ona uyğun olacaq. Burada da o öz aktuallığını saxlayır. Artıq ənənəvi avtomobillər ölkəyə gətirildi və bazar bir növ “doydu”, yeni modellər diqqəti cəlb etməyə başladı. Vaxtilə xarici saytlarda 5-6 min dollara satışa qoyulan maşınlar Azərbaycanda 50 min dollara satılırdı. Son dönəmlərdə ölkədə hibrid və elektrikli avtobillərə maraq çoxaldı. Bu, bir müddət standart formada davam etsə də, artıq yeni nəsil avtomobillərə üstünlük verildiyi görünür. Bu da təbii ki yeni qiymətlərin yaranmasına – bahalaşmaya səbəb olur”.
Yusif Səmədzadə
www.yenicag.az