AXCP sədrinin gizlədilən keçmişi: "Əli Kərimlinin Elçibəyə xəyanət etməsi..."
“Əli Kərimlinin hüquqlarının müdafiə komitəsi onun tərcümeyi-halını əskik yazıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.
Şərhçi “Ramiz Mehdiyev işi”nə görə saxlanılan AXCP sədri Əli Kərimlinin tərəfdaşlarının hüquqlarının müdafiə komitəsi yaratmasını sərt tənqid edərək komitənin verdiyi bəyanatda çatışmayan məqamları sıralayıb:
“Əli Kərimlinin müdafiə komitəsinin yaydığı bəyanatda onun tərcümeyi-halının müəyyən səhifələri xatırlanır. Burada yalnız bəyanat müəllifləri və Əli Kərimli üçün əlverişli sayıla biləcək hadisələr qeyd olunub. Ancaq AXCP sədrinin dövləti cinayətlərdə iştirakına əhalinin xeyli hissəsi inanır. Bunun kökündə isə onun tərcümeyi-halının bəyanatda xatırlanmayan hissəsi durur.
Onun həyatında böyük rol oynamış, onu siyasətçi kimi yetişdirmiş Elçibəyə qarşı atdığı addımlar, xəyanətlər, ona qarşı qeyri-etik və qanunsuz üsullardan istifadə etməsi bəyanatda nədənsə yoxdur. Sonradan hakimiyyətin müəyyən qrupları ilə AXCP-ni ələ keçirmək üçün əməkdaşlıq etməsi, onlardan maliyyə alması, onların köməyi ilə Elçibəyin tamamilə partiya rəhbərliyindən uzaqlaşdırılması, haqqında böhtan kampaniyasının başlanılması xatırlanmır. Nəhayət, Əli Kərimlinin Rusiya layihəsi olan “Milli Şura”nın yaradılmasında və indiyədək saxlanılmasında aktiv iştirakı və buna bənzər digər məqamlar nədənsə qeyd edilmir”.
A. Səmədovun sözlərinə görə, Əli Kərimliyə qarşı dövləti cinayətlərdə şübhələr məhz bu məqamlarla bağlıdır:
“Hüquq-mühafizə orqanları ciddi araşdırmalar aparır. Hesab edirəm ki, həm biz, həm də onun hüquqlarının müdafiə komitəsi bu araşdırmaların nəticəsini gözləməli və yanlış rəy yaratmağa çalışmamalıdır. Belə müraciətlər, adətən, istintaqın işinə mane olmaq, ona təzyiq göstərmək məqsədi daşıyır. Bu təxribatçı addımların heç bir nəticəsi olmayacaq və komitə üzvləri də bunu çox yaxşı anlayırlar”.












